“Yol əhvalatı”nın Mustafası: Azərbaycana məhəbbətim məni heç vaxt tərk etmir

“Bakıda “Yol əhvalatı” filmində çəkildiyim üç ay ərzində Azərbaycana və Bakıya yaranan hərarət və məhəbbət bu günədək məni tərk etmir”.

Bu sözlər “Yol əhvalatı” filminin baş qəhrəmanlarından biri olan Mustafa rolunda çəkilmiş Vaxtanq Pançulidzeyə məxsusdur.

Onun sözlərinə görə, filmin çəkilməsindən 44 il ötməsinə baxmayaraq, ürəyində Azərbaycana olan böyük sevgisi səngiməyib.

V.Pançulidze Bakıya və Azərbaycan xalqına böyük minnətdarlıq hissi ilə yaşadığını qeyd edib: “Bakıda olduğum dövrdə özümü Gürcüstandakı kimi hiss edirdim və mehriban Azərbaycan xalqının sevgi və hərarətini duyurdum. Dünyanın heç bir ölkəsində Gürcüstan və Azərbdaycandakı kimi mehriban, istiqanlı insanlar yoxdur və xalqlarımızın bir-birinə olan xüsusi sevgisinin, dostluğunun dünyada tayı-bərabəri yoxdur. Mənim vətənim Gürcüstan qədər zövq və sevinclə yaşayacağım yeganə ölkə Azərbaycandır!”.

Qeyd edək ki, bu gün V.Pançulidzenin doğum günüdür. Onun 68 yaşı tamam olur. “Yol əhvalatı” filmindəki Mustafa obrazı gürcü aktyorun canlandırdığı ilk azərbaycanlı deyil. Belə ki, V.Pançulidze rejissor Rezo Esadzenin 1975-ci ildə lentə aldığı “İlk baxışdan sevgi” komediya bədii filmində 16 yaşlı Murad Rəsulov rolunda çəkilib.

“İlk baxışdan sevgi” filmindən