Bu gün Tbilisidə anadan olmuş dünya şöhrətli müğənni, Azərbaycan və SSRİ-nin xalq artisti Rəşid Behbudovun (1915-1989) anım günüdür. Onun vəfatından 35 il ötür.
Aziz.ge R.Behbudovun 1989-cu ilin aprelində “Veçerni Tbilisi” qəzetinə verdiyi “Gürcüstanı unutmaq – özümü unutmaq deməkdir!” sərlövhəli müsahibəsinin əsas hissəsini təqdim edir.
Gürcü müxbirin R.Behbudovla Bakıda apardığı səmimi söhbət bu sözlərlə başlayır: Onun bütün nəğmələrinin heyrətamiz taleləri var. Onlar səslənən kimi xalq arasında sevilən və populyar olur. Hazırkı və yaşlı nəsil arasında “Sevgilim” mahnısını oxumayan olmayıb. Yalnız oxumurdular, Rəşid Behbudovun ifasına bənzətmək üçün bacardıqları qədər çalışırdılar.
Tbilisidə afişalarda məşhur azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun komediyasının motivləri əsasında rejissorlar Rza Təhmasib və Nikolay Leşenkonun çəkdiyi “Arşın mal alan” filminin nümayişinin başlaması barədə məlumatlar yer alan zaman ekran əsərinə baxmağı arzu edənlərin sayı minlərlə idi! Bilet üçün növbələr səhər tezdən tutulurdu. Əsgərin partiyasını tbilisili Rəşid Behbudov ifa edirdi.
“Sənin damarlarında Hindistan qanı axmır ki?….”
Müsahibə zamanı qastrol turnelərindən söz açan R.Behbudov dünyanın 59 dilində mahnı ifa etməsindən fəxr etdiyini deyir. “Yaradıcılığım dövründə dünyanın yarısını gəzmişəm. Elə bir hal olmayıb ki, qastrola dəvət olunduğum ölkədə oranın dilində bir mahnı ifa etməyim. Xatirimdədir, Hindistana ikinci səfərim öncəsi 48 saat ərzində, demək olar ki, gözümü yummadan urdu dilində Hindistanın himnini öyrənirdim. İfanı bitirəndən sonra konsertdə iştirak edən Cavaharlal Neru (Hindistanın dövlət və siyasi xadimi (1889-1964) – red.) dedi: “Cavab ver. Amma düzünü söylə, sənin damarlarında Hindistan qanı axmır ki?….” Hesab edirəm ki, millətə hörmət onun dilinə hörmətdən başlayır. Hindistana qastrollara hazırlaşarkən yalnız urdu deyil, hindi və kanari dillərində də mahnılar öyrənmişdim. Yeddi dialektdə mahnı ifa edirdim. Yadımdadır, konsertlərdən birindən sonra biz – sovet ittifaqından olan bri qrup incəsənət işçisi respublikanın baş nazirinin təşkil etdiyi nahara dəvət olunmuşduq. Süfrəyə plov veriləndə, cənab Neru adətə uyğun olaraq onu əllə yeməyə başladı. Mən söylədim ki, bizim respublikada da plovu yalnız belə yeyirlər. Buna cavab olaraq Neru “plovu qaşıqla yemək, qıza sevgini tərcüməçi vasitəsilə etiraf etməyə bənzəyir” dedi.
“Atam mənim mahnılarımı qəbul etmirdi”
Müxbirin Tbilisinin müğənninin səyahətlərində xüsusi yer tutması ilə bağlı fikrinə o, “Tbilisini unutmaq, Gürcüstanı unutmaq – özümü unutmaq deməkdir!” sözləri ilə münasibət bildirir: “Tbilisidə böyümüşəm, iki faytonun qarşılaşa bilmədiyi Xarpuxinin kiçik küçələri mənə dünyanın geniş prospektlərindən daha əzizdir. Mənə elə gəlir ki, məhz Tbilisi mənə uşaqlıqdan dörd dildə danışmağı, millətlər arasında fərqi görməməyi, insana onun gürcü, erməni, rus və ya azərbaycanlı olmasına görə deyil, insan, nəcib və vicdanlı olmasına görə hörmət etməyi öyrətdi. Atam əslən qarabağlı Məcid Behbudov da bunu təkrarlamağı sevirdi. O, müğamların tanınmış ifaçısı – xanəndə idi. Yaxşı yadımdadır, o zaman Peskidə – ötən il Tbilisinin “Fəxri vətəndaşı” adı ilə təltif olunduğum yerdə – yaşadığımız evə böyük insan kütləsi toplaşardı. İfa saatlarla davam edirdi, atamı qonşularımız saatlarla dinləyərdi”.
Atam mənim mahnılarımı qəbul etmirdi, çünki gənclik illərimdən avanqardizmə meyllənirdim. Atama “Arşın mal alan” filminə baxmaq qismət olmadı. Onun məni Əsgər rolunda görməsini çox arzu edirdim… Film bir çox dillərə tərcümə olunub. Ekran əsəri indi sadə, müəyyən qədər primitiv görsənir. Lakin buna baxmayaraq, bizim Əsgər demokratdır. Xidmətçilər Vəli və Telli ailənin bərabərhüquqlu üzvləridir. Əbəs yerə deyil ki, üç toy eyni gündə qeyd olunur. Film çox gözəl komediya kimi parlayıb”.
“Teatr mənim həyatım, ən sevimli övladımdır”
R.Behbudov aktyor uzunömürlülüyünün sirləri ilə də bölüşüb: “Nə sirr olacaq? Mən səhnədən getmirəm, teatrla yaşayıram, elə buna görə də qocalmağa vaxtım yoxdur. Teatr mənim həyatım, ən sevimli övladımdır. Məşqlərdə mənim tələbkar olduğumu və irad tutduğumu deyirlər, mənimlə çalışmağın çətin olması ilə bağlı şikayətlənirlər. Burada həqiqətin olduğunu fikirləşirəm. Lakin mən proqramın hər bir nömrəsinin parıltıya qədər cilalanmasını çox istəyirəm”.
İfaçı Pakistana qastrol səfəri ilə bağlı xatirələrini də danışıb: “Biz Karaçiyə çatanda məlum oldu ki, konsertə gəlmək istəyənlərin sayı o qədər çoxdur ki, onların yerləşməsi üçün uyğun zal yoxdur. Zalı bizim birbaşa iştirakımızla qurdular. İnşaatçılar şəhərin mərkəzində yer müəyyən etdilər və iki gün ərzində daşlardan 10×15 metr ölçüdə səhnə meydançası quraşdırdılar. Betonla möhkəmləndirilən səhnənin ətrafına bambuklardan kontur işarələndi, daha sonra meydança qalın parça ilə örtüldü. Nəticədə xalçalarla döşənmiş qeyri-adi çadır əmələ gəldi”.
Müsahibənin sonuda R.Behbudov yerlilərinə ürək sözlərini çatdırır: “Onları çox sevirəm. İndi də konsertlərdə çıxış edərkən sevimli mahnım olan “Genatsvale”ni mütləq ifa edirəm. Hesab edirəm ki, dinləyiciləri doğulduğum və böyüdüyüm torpağın melodiyası ilə məhz bu cür tanış edirəm”.
Qeyd: Material 2020-cilin dekabrın 14-də Report informasiya agentliyinin saytında dərc olunub. Müəllifi Cəmilə Babayevadır.