Gürcüstanın soydaşlarımızın yığcam yaşadığı Qardabani rayonunun mərkəzində kiçik park, parkın ortasında dairəvi formada fontan var.
Fontan maraqlı və qeyri-adi kompozisiyası ilə diqqət çəkir. Azərbaycanın və Gürcüstanın milli musiqi alətləri – tar və çonquri vəhdətdə verilib və dekorativ element iki xalqın qədim dostluq bağlarını, mədəni ənənələrinin yaxınlığını simvolizə edir. Təəssüflər ki, fontan uzun illərdir işlək vəziyyətdə deyil, baxımsızlıqdan hovuz zibilliyə çevrilib.
Fontanın 2008-ci ildə quraşdırıldığı bildirilir. Ötən il ətrafı abadlaşdırılıb, kollar, oturacaqlar, işıq dirəkləri yenilənib. Lakin fontan bərpa işlərindən kənarda qalıb, qurğu işlək vəziyyətə gətirilməyib.
Fontanın mərkəzindəki kompozisiya və ətrafındakı vəziyyət ildən-ilə daha acınacaqlı hal alır. Ötən ilin mayında çəkilmiş fotoşəkillər bunu aydın sübut edir.
Bu yaxınlarda fontanın mərkəzi elementinin üzərinə Gürcüstan bayrağı iplə bərkidilib. Bayrağın Gürcüstanda keçirilmiş kütləvi aksiyalar zamanı bir vətəndaş tərəfindən həmin hissəyə bərkidildiyi bildirilir.
Azərbaycan və Gürcüstanın milli simli musiqi alətləri – tar və çonquri hər iki xalqın milli sərvətidir. Qardabanidəki fontanın bugünkü vəziyyəti və ətrafındakı ürəkaçmayan mənzərə milli sərvətə hörmətsizliyin göstəricisidir. “Tar-çonquri” kompozisiyası ifadə etdiyi rəmzi mənaya görə mütləq bərpa olunmalı, fontan işlək vəziyyətə gətirilməlidir.
Aziz.ge