Gürcüstanın azərbaycanlı Xalq artistinin son mənzilinin dəqiq ünvanı və sadə məzarı – Fotolar  

İbrahim İsfahanlı (1897-1967) Gürcüstan teatr salnaməsinə rejissor, aktyor, teatrşünas, Tbilisidəki Azərbaycan teatrının bədii rəhbəri kimi daxil olub.  

O, 1930-cu ildə teatra bədii rəhbər təyin olunub. İ.İsfahanlı aktyor və rejissor, bədii rəhbər olduğu dövrdə teatrın yüksəlişi üçün xidmətlər göstərib.  

İbrahim İsfahanlı

Azərbaycanlı teatr xadimi 1932-ci ildə 35 yaşında Gürcüstanın Xalq artisti fəxri adına layiq görülüb. 1937-1947-ci illərdə Tiflis Azərbaycan teatrında yüksək dərəcəli aktyor, rejissor, baş rejissor, bədii rəhbər kimi fəaliyyətini davam etdirib.

1947-ci ilin yanvarın 2-də teatr öz fəaliyyətini dayandırandan sonra həmin ilin iyulundan 1948-ci ilin mayınacan Zaqatala dövlət teatrının bədii rəhbəri və yüksək dərəcəli aktyoru işləyib, sonra Səməd Vurğun adına Qazax dövlət teatrına keçirilib, 1948-ci ilin mayından 1949-cu ilin iyulunacan burada direktor, bədii rəhbər olub. Həmin vaxtdan 1951-ci ilin sentyabrına qədər Tbilisi Mərkəzi Mədəniyyət Evi nəzdində bədii özfəaliyyət briqadasına, 1952-ci ilin iyununa qədər Dmanisi rayon klubu nəzdində dram dərnəyinə, sonralar Tiflis aysor teatrına rəhbərlik edib.

Pensiyaya çıxandan sonra da Tiflisin müxtəlif teatrlarının, daha çox da erməni teatrının və dəmiryolçular evinin binalarında tamaşalardan parçalar hazırlayıb, konsert proqramlarında çıxış edib.

Gürcüstanda İ.İsfahanlının 1933, 1954 və 1958-ci illərdə səhnə fəaliyyətinin ildönümləri təntənə ilə qeyd olunub. 1997-ci ildə aktyorun 100 illik yubileyi münasibətilə xatirəsi əbədiləşdirilib, Tbilisinin Botanika küçəsində yaşadığı evin fasadına xatirə lövhəsi vurulub, küçələrdən birinə onun adı verilib.

Həmçinin oxu: Tbilisinin İbrahim İsfahanlı küçəsi – Adı var, lövhələri yox

Aktyor teatr səhnəsində 300-dək obraz yaradıb, milli kinomuzun tarixinə “Böyük dayaq” bədii filmindəki (1962) mühasib Yarməmməd rolu ilə düşüb.

Aktyor Yarməmməd rolunda

2022-ci ilin oktyabrında Bakıda, Azərbaycan Teatr Xadimləri İttifaqında sənətkarın anadan olmasının 125 illiyinə həsr olunmuş “Səhnə fədaisi” adlı tədbir keçirilib.

İ.İsfahanlı 1967-ci ildə Tbilisidə vəfat edib. Əksər mənbələrdə onun Botanika bağı ərazisindəki müsəlman qəbirstanlığında dəfn olunduğu bildirilir. Lakin bu məlumat həqiqətə uyğun deyil. Belə ki, o, Tbilisinin Ortaçala qəbirstanlığında, özündən əvvəl dünyasını dəyişmiş həyat yoldaşı Gülsüm xanımın yanında dəfn edilib. İsfahanlılara aid məzarlıqda aktyorun vəfat etmiş oğlu və digər yaxınları da torpağa tapşırılıb.

Gürcüstanın Xalq artistinin məzarı sadəliyi ilə seçilir. Nə məzarüstü abidə, nə də sinə daşı var. Məzarın yerini üzərində aktyorun fotoşəkli olan kiçik ölçülü daş parçası bildirir. Yanında Gürcüstanın Mədəniyyət Nazirliyi adından quraşdırılmış xatirə daşı yerləşir. Daşın üzərində rus dilində “Gürcüstan SSR-in Xalq artisti” yazılıb, aktyorun doğum və vəfat ili göstərilib.

________________

İstifadə olunmuş mənbə: “İbrahim İsfahanlı Gürcüstanın Xalq artisti”. Müəllifi Şurəddin Məmmədli. (Tbilisi-1997)