Gürcüstanın azərbaycandilli uşaq teatrı – Şəraitsizlikdə fəaliyyət göstərən yaradıcı ocaq

Gürcüstanda artıq üç ildir “BEEZ” adlı uşaq teatrı fəaliyyət göstərir. Ölkədə ilk və yeganə azərbaycandilli uşaq teatrının təsisçisi və bədii rəhbəri Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Binəli İslamoğludur. O, teatrı Qardabani rayonundakı öz evində bir otaqda yaradıb.  

Binəli İslamoğlu

Arı kimi çalışqan və zəhmətkeş teatr

Teatrın adı ingiliscədən tərcümədə “arı” deməkdir. Kollektiv uğurlarına məhz arı kimi çalışqan və zəhmətkeş olmaqla imza atıb. Şəraitsizliyə baxmayaraq, teatr artıq bir neçə tamaşa təqdim edərək məşhurlaşa, teatrsevərlərin rəğbətini qazana bilib.

“BEEZ” Gürcüstanın Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqənin qalibi olaraq gürcü ədib Vaja Pşavelanın “Meşə komediyası” adlı əsərini səhnələşdirib. Teatrın repertuarında “Qarınqulu ayı balası”, “Çoban” tamaşası da var. Təqdim olunan hər səhnə əsəri Gürcüstanın azərbaycanlı icmasının mədəni həyatında bir hadisə olur.

Kiçik aktyorlar “BEEZ FİLM” studiyası tərəfindən bu yaxınlarda təqdim olunmuş və Mikayıl Müşfiqin xatirəsinə həsr olunan “№ 1109” adlı qısametrajlı filmdə də çəkiliblər. Bu vaxta qədər studiyanın ərsəyə gətirdiyi “Mer” adlı film, cəmiyyəti narahat edən sosial mövzulara həsr olunan videoçarxlar da maraqla qarşılanıb.

Yeni tamaşa – “Tıq-tıq xanım” hazırlanır

Teatr Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında yeni eyniadlı tamaşa hazırlayır. Rollar artıq bölüşdürülüb, məşqlərə başlanılıb. Məşqləri isti yay günlərində darısqal bir otaqda aparmaq qeyri-mümkündür. Bu səbəbdən repetisiyalar açıq havada, Qardabaninin mərkəzi istirahət parkının səhnəsində aparılır. Səhnə əsərində rol alan uşaqlar əllərində rol dəftərləri ilə obrazların öhdəsindən gəlmək üçün çalışırlar, bədii rəhbər obrazların cilalanması prosesini aparır. Tıq-tıq xanım obrazı teatra yeni qoşulan 10 yaşlı Səma Ləzgiyevaya həvalə olunub. Tamaşada həmçinin Nuri Qurbanov, Seymur Muradov, Rəbiyə Əhmədova və digər uşaqlar da rol alıb.

B.İslamoğlu tamaşaya fərqli quruluş verib, səhnə əsərində nağılın əsas qəhrəmanları ilə yanaşı Abdulla Şaiqin dillər əzbəri olan uşaq şeirlərinin obrazları da yer alacaq. Bədii rəhbər tamaşaya milli rəqslərimiz və uşaq mahnıları da əlavə etməklə tamaşaçıları təəccübləndirməyə çalışacaq. “Beez”in hər bir yeni tamaşasında milli-mənəvi dəyərlərimizin təbliği təqdirəlayiqdir.  

B.İslamoğlunun sözlərinə görə, tamaşanın hazırlanması üçün tələb olunan kostyumlar və dekorasiyaların əldə olunması üçün dəstəyə ehtiyac var. Dəstək olacağı halda səhnə əsərinin bu ilin sentyabrında ilk nümayişi baş tutacaq.  

“Yeni uşaqları cəlb edə bilmirik”

Bədii rəhbərin sözlərinə görə, teatra uşaqların böyük axını olsa da, lazımı şəraitin olmaması yeni uşaqları cəlb etməyə imkan vermir. Teatrın truppasını məktəblərin aşağı sinif şagirdləri təşkil edir və hazırda 15 uşaq aktyor kimi yetişdirilir.

Kostyumlar və dekorasiyanın əldə olunması teatrın əsas çətinliklərindən biridir. Teatrın son təqdim etdiyi “Çoban” tamaşasının kostyumları Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə hazırlanıb. Mədəniyyət ocağının ən ümdə çatışmazlığı məkanının olmamasıdır. Şəraitsizliyə görə teatr yaradıcılıq ideyalarını da tam reallaşdıra bilmir. Uşaqların valideynləri də teatrın fəaliyyətinə imkanları daxilində dəstəklərini əsirgəmirlər. B.İslamoğlu teatrı yaratdığı evinin həyətindəki birotaqlı tikilini böyütməyi arzulayır, amma bunun üçün də maddi dəstək mütləqdir.

Teatrın iki sütunu – fədakar bədii rəhbər və xanımı

B.İslamoğlu uşaq teatrını yaşatmaq missiyasının asan olmadığını etiraf edir, lakin bütün çətinlik və sıxıntılara baxmayaraq, məsuliyyətli vəzifəsini davam etdirməkdə israrlıdır. O qeyd edib ki, teatrın əsas hədəflərindən biri də cəmiyyətin geridə qalmış təbəqələri ilə mübarizə aparmaqdır. Bədii rəhbərə teatrı yaşatmağa güc və həvəs verən onun həyat yoldaşı, məktəb müəlllimi Mahnur xanımdır. Binəli və Mahnur “BEEZ” teatrını bu gün ayaqda saxlayan iki əsas sütundur. Cütlüyün iki övladı – Zəhra və İslam da teatrın ən fəal üzvlərindəndir.

B.İslamoğlu bu gün yalnız istedadlı, bacarıqlı aktyorlar yetişdirmir. O, yorulmadan, həvəslə çalışaraq kiçik soydaşlarımızı sağlam düşüncəli, savadlı, bilikli, layiqli vətəndaş kimi formalaşdırır. Deməli, B.İslamoğlu həm də fədakar müəllimdir. “Binəli müəllim” onun sanki həyatındakı əsas roluna çevrilib. B.İslamoğlunun bu rolunun Gürcüstan cəmiyyətinə və gələcəyimiz olaq uşaqlara təsir gücünün artmasını və əhatəsinin daha da genişlənməsini arzulayırıq.  Bu arzunun həyata keçməsi üçün “BEEZ”in bizim dəstəyimizə etiyacı var. Qardabanidə mədəniyyətimizə aid yaradıcı ocağı sönməyə qoymayaq!

“BEEZ” bizim uşaqlarındır, bizim teatrdır. Onun əsas dəstəkçisi BİZ olmalıyıq!