Tbilisidə, Kür çayının qırağında vaxtilə mövcud olmuş “Şah Abbas” və yaxud Göy məscidin inşa ili 1522-ci ilə aid olub.
Tarixi mənbələrə əsasən, şiə məscidi həmin ildə Şah İsmayılın (Xətai) qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində tikilib. 1606-cı ildə Şah Abbasın hücumu zamanı isə məscid genişləndirilib və minarə ucaldılıb.
Bəzi gürcü tarixçilərinin fikrinə görə, “Şah Abbas” məscidi Tbilisidə ilk məscid olub, lakin şəhərin tarixini nəzərə alsaq, bu məlumatı inandırıcı hesab etmək mümkün deyil.
Dini abidə 1950-ci ildə yeni Metexi körpüsünün tikintisi zamanı yaxınlıqdakı yaşayış evləri və karvansaralarla birgə uçurulub. Körpünün inşasına həmin ilin oktyabrında başlanılıb və 6 ay 17 gün ərzində yekunlaşdırılıb, açılışı 1951-ci ilin aprelin 29-da olub. Bu barədə məlumatlar həmin dövrdə Tbilisidə nəşr olunan qəzetlərdə yer alıb. “Zarya Vostoka” qəzetinin 29 aprel 1951-ci ilə aid 101-ci sayında “Yeni Metexi körpüsü” başlıqlı məqalədə körpü “Tbilisi sakinləri üçün çox yaxşı 1 May hədiyyəsi” adlandırılıb.
Məscidin SSRİ-nin dövlət və siyasi xadimi Lavrenti Beriyanın şəxsi göstərişi ilə uçurulduğu bildirilir. Buna səbəb kimi göstərilib ki, Tbilisinin əksər hissəsini azərbaycanlılar təşkil edən müsəlman əhalisi kommunizm quruculuğuna elə bir şövqlə cəlb olunub ki, artıq məscidə ehtiyacı yoxdur.
“Şah Abbas” məscidi tarixə qovuşsa da, dini abidədən bir neçə əşyanı xilas etmək mümkün olub. Həmin əşyalar qədim Quran kitabı və mehrabdır. Uçurulmuş müsəlman abidəsinin iki nişanəsi hazırda Tbilisi Cümə məscidində saxlanılır.
Deyilənlərə görə, Cümə məscidinin minarəsinin üzərindəki qızılı rəngli aypara da “Şah Abbas” məscidindən qalıb.
Qədim mehrabın bəzi hissələri qopub, bərpaya ehtiyacı var.
Məscidin minarəsinin üzlüyündən keramika daşlarının da bu günə qədər gəlib çatdığı bildirilir. Daş parçalarının Gürcüstan Milli Muzeyinin Şərq bölməsində qorunub saxlanıldığına dair məlumatlar var.
Aziz.ge