Tiflisdə vaxtilə nəşr olunmuş “Zakavkazskiy vestnik” qəzetinin 1848-ci ildə işıq üzü görmüş 43-cü sayında həmin dövrə aid atalar sözlərimiz dərc olunub.
Nəşrin “Qeyri-rəsmi hissə” adlı səhifəsində müəllifi X.Ksenofontov olan “Türk və tatar atalar sözləri” sərlövhəli məqalədə 9 atalar sözü ərəb qrafikası, Azərbaycan dilində kiril əlifbası ilə verilib və rus dilində izahı təqdim olunub.
- Allah verər, amma Allahverdi qoymaz – Bu atalar sözünün rusca izahında deyilir ki, həqiqətən də bəzən Allah insana xoşbəxtlik verir, amma pis niyyətli insanlar buna mane olur və qarşısını alır. Bu atalar sözünün Türkiyədə yarandığı qeyd olunub.
- Ora yaxşıdır, hardakı bizim ocaqdır – Rusca izahından: “Türklərdə və tatarlarda ocaq ev mənasını verir. Burada ailə yaşayır və ocaq müqəddəs sayılır. Yad adam, hətta dost olmayan biri hansısa ehtiyac səbəindən ocağın yanında bəladan xilas olur”.
- Ad gözəli urumdan Şama, üz gözəli hamamdan evə – Adın gözəlliyi Rumelidən Dəməşqədək, üz gözəlliyi isə hamamdan evədək.
- Acı badımcanı qırav çalmaz – Acı badımcanlar şaxtadan qorxmaz. Bu atalar sözü ilə acıqlı insanlara xas xüsusiyyət ifadə olunur. Həmin insanlar ümumiyyətlə mehriban insanlardan möhkəm olurlar.
- At yüyürək, qılınc kəskin, iqbal kəsməz – At zirək, qılınc iti, amma bəxti gətirmir.
- Ayranım budur – yarısı sudur – Bu mənim turş südümdür, yarısı sudan ibarətdir. Bu sözlə satıcılar və sənətkarlar onların mal və yaxud işlərini bəyənməyən alıcılara cavab verirlər.
- Olsa ilə bursa bir araya gəlsə, bir böyük şəhər olur – Olsa və Bursa bir olsa, o zaman onlardan böyük bir şəhər olar. Bu sözü özü və ya digəri haqqında nəyisə “əgər” ifadəsi ilə təsəvvür edənə deyirlər.
- Oğul doğulduğu gün oğuldur – Oğul oğuldur, hətta doğulduğu gün belə. Bu cür şərqdə kişi cinsi haqqında deyirlər və onun qadın cinsindən üstünlüyünü göstərirlər.
- Evində ələk dönməz topdağında barı oynar – Evində unu yoxdur, Topdağı dağında rəqs edir. Topdağı Ərzurumda yerləşir. Həmin dağda yarı dağılmış vəziyyətdə yunan kilsəsi var və adını daşıdığı müqəddəsin bayram günündə – aprelin 23-də ora bugünədək müxtəlif inanclı insanlar toplaşır, yeyib-içir, oxuyub-oynayırlar.
Aziz.ge