Gürcüstanın cənub-şərqində, Azərbaycanla sərhəddə Taxtı-Təpə (gürcücə Taxtitepa, taxt və təpə sözlərinin birləşməsi) palçıq vulkanları yerləşir. Dedoplistskaro bələdiyyəsi ərazisinə aid vulkanlar Vaşlovani Milli Parkına daxildir.
Dali dağı yaxınlığında yerləşən vulkanlar qrupu 9,7 hektar ərazini əhatə edir. Vulkanlar kiçik ölçülərə malikdir, ən böyüyünün kraterinin diametri təxminən 3,5-4 metr təşkil edir. Kraterlər daima palçıq, müalicəvi əhəmiyyətə malik boz-mavi rəngli gil, həmçinin neft və qaz da püskürür.
Təbiət möcüzəsi adlandırılan vulkanlar ətrafında ərazi daşlıdır, yarğan və düzənliklər var. Bitki örtüyü zəngin deyil. Burada bir neçə ot növlərinə rast gəlinir.
Vaşlovani Milli Parkını ziyarət edib Taxtı-Təpə palçıq vulkanlarını görmək üçün parkın məlumat mərkəzindən sərhədyanı zonaya mütləq icazə vərəqəsi almaq lazımdır. Gürcüstanın bir sıra turizm şirkətləri də milli parka turlar təklif edir.
Aziz.ge