Bu il Azərbaycan poezisiyasının görkəmli nümayəndəsi, həyat və yaradıcılığının bir hissəsi Tiflisdə keçmiş böyük şair və mütəfəkkir Mirzə Şəfi Vazehin anadan olmasının 230 ili tamam olur. Bəzi mənbələrə əsasən, ədib 1794-cü ilin iyunun 14-də Gəncə şəhərində anadan olub.
Şairin ədəbi irsində Tiflisə həsr olunan şeirlər də var. Onlardan birində Tiflis şəhərinin gözəllərinin vəsfi verilib. Şeir bu yaxınlarda “Ədəbiyyat və incəsənət” portalında (www.edebiyyatveincesenet.az) dərc olunub.
Həmin şeiri təqdim edirik.
Bu Tiflis şəhərinin nazənin gözəlləri
yamanca aludədir hər cür bəzək-düzəyə.
Qaydadır: alınların bəzəyər zərdən kəmər,
əndamları bürünər məxmərə və ipəyə.
***
Zərif çəkmələrinin ipləri var – al-əlvan,
kəlağayılarısa bəyaz olar – qar kimi.
Uzun sözə hacət yox:
yaraşar, nə geysələr –
könlümü açmaz heç nə tiflisli qızlar kimi.
***
Arzum budur, seyr edim mən o şux gözəlləri
nənələrin geydiyi qədim əlbisələrdə.
Daş-qaşa gərək duymaz qulaqları, əlləri,
süni bər-bəzəklərə nə gərək var bu yerdə?!
***
Allah-təala veribsə zənənə boy-buxunu,
geyim-kecim işini gərək özü öyrənə.
Əgər bunda naşısa,
hansı şair xoşlanar
o sənəmdən…
lap ahıl şair olsa da yenə?!
Xatırladaq ki, Tbilisidə Mirzə Şəfi Vazehin adını daşıyan küçə (1938-ci ildən) var. Şairin məzarı şəhərin Botanika bağı ərazisindəki görkəmli azərbaycanlıların panteonundadır.
Həmçinin oxu: “Mirzə Şəfi” – Tbilisinin tarixi görkəmini itirmiş, tək lövhəsi qalmış qədim küçəsi