Şövkət Məmmədova Kiyevdəki gürcü teatrını çətin vəziyyətdən necə çıxarıb?

Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədova (1897-1981) 1920-ci ilin əvvəllərində Kiyevdə fəaliyyət göstərən gürcü teatr dərnəyini çətin durumdan xilas edib.

Şövkət Məmmədova

Teatrın yaranma tarixi və azərbaycanlı ifaçının mədəniyyət ocağına dəstəyi barədə Tbilisidə nəşr olunmuş “Zarya Vostoka” qəzetinin 5 aprel 1961-ci il tarixli 80-ci sayında “Dostluq salnaməsi. Bu, Kiyevdə baş verib…” başlıqlı məqalədə söz açılıb.

Kiyevdə həvəskarlardan ibarət gürcü teatr dərnəyini bu şəhərdə təhsil alan Vladimir Adamidze yaradıb. Dərnək 1918-ci ilin martın 31-də fəaliyyətə başlayıb. Teatrda tamaşalar gürcü dilində hazırlanırdı. Dərnək bəzi problemlərlə qarşılaşırdı – gürcü tələbələr müxtəlif ali məktəblərdə təhsil aldıqlarından onları bir araya gətirmək çətin olurdu. Teatrın ən əsas həll edilməyən problemi isə qadın rolları ilə bağlı idi.

Vladimir Adamidze

V.Adamidzenin sözlərinə görə, rus teatrının aktrisası Bolotina qadın rolu ilə bağlı problemi həll edə bilmədiyimizi görüb A.Sumbataşvili-Yujinanın “Xəyanət” pyesini səhnələşdirməyi təklif etdi. O, bizə söylədi ki, siz gürcücə oynayın, mən isə Zeynəbin rolunu rusca ifa edərəm.

Gürcü dram dərnəyini xroniki çətinlikdən çıxaran azərbaycanlı Şövkət Məmmədova oldu. V.Adamidze bu barədə danışır:

“Bu, 1920-ci ilin əvvəlində olub. Kiyevin küçələrində parlaq rəngli afişalar peyda oldu: çıxış edir tanınmış müğənni Şövkət xanım. Müxtəlif xalqların mahnıları. Dillərin arasında gürcü dili də var idi. Bu, məni maraqlandırdı. Axşam mən və inzibatçı S.Lordkipanidze teatra getdik. Bizi müğənninin gürcücə təmiz tələffüzü heyrətləndirdi və antraktda biz kulis arxasına keçdik. Biz müğənni ilə xeyli söhbət etdik, çalışdıq ki, onun gürcü dilini haradan bildiyini öyrənək. Sonda o, gülümsədi və bizimlə gürcü dilində danışdı. Məlum oldu ki, o, Tbilisidə anadan olub, orada böyüyüb və gürcü dilini bilməklə yanaşı, mənim bütün ailəmi də tanıyır. Biz müğənniyə çətin vəziyyətimiz barədə danışdıq. Şövkət xanım kömək etməyə razılaşdı. Onu dilə tutmağa gərək olmadı. Şövkət Quniyanın “Qardaş və bacı” pyesində Marine, D.Eristavinin “Vətən” əsərində Ketevanı böyük uğurla ifa etdi. Bu gün onun haqqında düşünəndə, fikirləşirəm ki, biz Azərbaycan xalqının böyük qızı, SSRİ Xalq artisti Şövkət xanım Məmmədovaya çox borcluyuq”.

Məqalənin sonunda qeyd olunub ki, gürcü dram dərnəyinin nümunəsində Kiyevdə tezlikə Azərbaycan və erməni bölmələri də yaradıldı və onların tamaşalarını gürcülər də tez-tez izləyirdilər.

Qeyd edək ki, V.Adamidze (1888-1967) Gürcüstanın tanınmış teatr aktyorudur. O, uzun illər Rustaveli teatrında aktyor və truppa rəhbəri kimi fəaliyyət göstərib. 1943-cü ildə Gürcüstanın Əməkdar artisti adına layiq görülüb.

Aziz.ge