Tbilisidə Azərbaycan filmləri festivalı – Gürcüstan arxivindən afişalar

Gürcüstan Milli Parlament Kitabxanasının plakatlar kolleksiyasında 1960-cı ilin aprelində Tbilisidə keçirlimiş Azərbaycan kinofilmləri festivalının iki afişası saxlanılır.

Festival Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40-cı ildönümünə həsr olunub. Afişalar Tbilisidə nəşr olunub. Azərbaycan filmlərinin nümayişi aprelin 18-dən 25-dək davam edib.

Festival günləri çərçivəsində Rustaveli kinoteatrında yeni bədii filmlər – “Bir qalanın sirri”, “Əsl dost”, “Onu bağışlamaq olarmı?”, yeni sənədli filmlərdən isə “Bizim Azərbaycan”, “Azərbaycan mədəniyyətinin baharı”, “Füzuli” (afişada səhvən Fiauli gedib), “Naxçıvan Muxtar SSR”, “Dağlıq Qarabağ muxtar vilayəti” nümayiş etdirilib.

Həmin ilin aprelin 19-da işıq üzü görmüş “Zarya Vostoka” qəzetinin 92-ci sayında festival barədə yazılıb:

“Aprelin 18-də Tbilisinin “Rustaveli”, “Oktyabr” və “İsani” kinoteatrlarında Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40 illiyinə həsr olunan Azərbaycan kinofilmləri festivalı başlayıb. Tamaşaçılar Bakı kinostudiyasının üç yeni bədii filmi ilə tanış olacaqlar: “Bir qalanın sirri”, “Əsl dost” və “Onu bağışlamaq olarmı?”. Sənədli filmlər də Bakı studiyasının yeni ekran əsərlərindən ibarətdir: “Bizim Azərbaycan”, “Azərbaycan mədəniyyətinin baharı” və “Dənizi fəth edənlər”. Festival aprelin 24-dək davam edəcək”.

Aziz.ge