Tbilisidə şəhərin mədəni müxtəlifliyinə həsr olunan “Mənim məhəlləm” adlı festival keçirilib.
Şəhərin Krtsanisi bələdiyyəsinin təşkil etdiyi multimədəni festival çərçivəsində İoseb Qrişaşvili meydanı köhnə Tiflis həyəti stilində tərtib olunub. Gürcülərlə yanaşı, şəhərdə yaşayan müxtəlif etnik azlıqların guşələri təqdim olunub.
Azərbaycanlılara məxsus guşə Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi tərəfindən yaradılıb. Guşədə xalçalar, milli naxışlı balış və xurcunlar, məişət əşyaları, milli musiqi alətləri, gəlinciklər, köhnə Tiflis mövzusunda rəsmlər təqdim olunub. Guşə festival ziyarətçilərinin böyük marağına səbəb olub.
Krtsanisi rayonunda yerləşən məktəblərin şagirdləri və peşəkar aktyorlar köhnə Tiflis həyətini rəqslər, mahnılar və teatrallaşdırılmış səhnəciklərlə canlandırıb. Azərbaycanlıların musiqi nömrələri “Bəri bax” xalq mahnısı və “Nəlbəki” milli rəqsimizdən ibarət olub. Nömrələri Tbilisidəki M.F.Axundov adına 73 saylı azərbaycandilli məktəbin şagirdləri təqdim ediblər.
Tədbirin böyük maraqla qarşılanan səhnəciklərindən biri gürcü Nikoloz və azərbaycanlı Həmidənin məhəbbət hekayəsi olub. Hekayəyə əsasən, eyni məhəlləli gənclər bir-birinə aşiqdir, Nikoloz sevgisində möhkəmdir, Həmidə isə ona naz edir. Cütlük məşhur gürcü mahnısı olan “Amağam”ı (Bu gecə) duet şəklində ifa edirlər.
Festivalda, həmçinin məktəblilərin “Multimədəni Tbilisi” mövzusunda rəsmləri də sərgilənib. Meydanda qonaqlar üçün “Məhəlləmə müraciət” mövzusunda baner quraşdırılıb. Arzu edən hər kəs lövhədə Krtsanisi rayonu üçün arzularını yaza bilib.
Tədbirə festival iştirakçılarının birgə mahnı ifa etməsi ilə yekun vurulub.
Aziz.ge