Sərdar sarayı və məscidi ilk peşəkar gürcü fotoqrafın şəkillərində – Gürcüstan arxivindən

Gürcüstan arxivlərində saxlanılan Qərbi Azərbaycanın maddi irs nümunələrinin fotoşəkillərinin əksər hissəsinin müəllifi tanınmış tiflisli fotoqraf Dmitri Yermakovdur.

Arxivlərdə, həmçinin gürcüəsilli ilk peşəkar fotoqraf Aleksandr Roinaşviliyə aid vaxtilə İrəvanda mövcud olmuş, günümüzə qədər gəlib çıxmamış Sərdar sarayı və məscidinin fotoşəkilləri də saxlanılır.

A.Roinaşvili Peterburq İmperator Arxeoloji Cəmiyyətinin üzvü olub. Bu cəmiyyətin sifarişi ilə fotoqraf “Qafqaz mənzərələri və tipajları” adlı fotoalbom yaradıb. Sərdar sarayı və məscidinin fotoşəkillərinin də məhz bu albomda yer aldığını ehtimal etmək olar. Fotokartoçkaların aşağı hissəsində A.Roinov və Tiflis sözlərinin arasında cəmiyyətin nişanı var.

Həmin fotoşəkillərdə hər iki abidə yarı dağıdılmış vəziyyətdədir. Onların arasında Sərdar sarayının divar portretlərinin olduğu böyük zalın fotoları da var.

Xatırladaq ki, Sərdar sarayı 1913-1918-ci illərdə dağıdılıb. Sərdar məscidi isə İrəvanda ən qədim məscidlərdən biri olub. Dini abidə Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün bu cür adlandırılıb. Tarixi mənbələrə əsasən, 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırıblar. Sovet dövründə Sərdar məscidi hissə-hissə sökülüb, yerində yaşayış evləri inşa olunub. 2014-cü ildə tamamilə yox edilib.

Həmin arxiv fotoları təqdim edirik.

Həmçinin oxu: “Sərdar sarayından yalnız soyulmuş divarlar qalıb” – Ermənistana ilk Gürcüstan ekspedisiyasının materiallarından