Gürcü şairi Teymuraz Canqulaşvili (1923-1996) “Sovet Zaqafqaziyası” poemasının müəllifidir. Əsərin Azərbaycan adlı parçasının dilimizə tərcüməsi “Bir sinədə iki ürək” (Bakı-1981) kitabında yer alıb. Tərcümə Əlixan Binnətə məxsusdur.
Nəşrdə qeyd olunub ki, şairin yaradıcılığında Azərbaycan mövzusu geniş yer tutub.
Həmin hissəni ixtisarla təqdim edirik:
Sevirəm Bakının gecələrini,
Əzizdir o mənə Tbilisimtək.
Gəzdikcə çılçıraq küçələrini
Sinəmdə quş kimi çırpınır ürək.
Buruqlar elə bil səf-səf ordudur,
Bu yerlər qədimdən Odlar yurdudur.
Dünən dənizdəydim, buruq qazırdım,
Dalğalar qoynunda şeir yazırdım.
***
Bu gün boylanıram məhəbbətlə mən
Dəniz şəhərinə sahil şəhərdən.
Yerdən od püskürür, suda alov var,
Polad dirəklərdən körpü salıblar.
Bir körpü dənizə sahildən gedir,
Bir körpü kök salıb dalğalarında.
Bir şəhər dənizin sahilindədir,
Bir şəhər dənizin dalğalarında.
Sakit anlarında körpəyə bənzər,
Coşanda pələngə dönər göy Xəzər.
Durub dincələrmi şair xəyalı
Bakının çılçıraq gecələrində.
Gəzirəm yenə də gah Rustavinin.
Gah da Sumqayıtın küçələrində.
***
Küləklər şəhəri bakılıyam mən,
Buruqlar elə bil səf-səf ordudur.
Yaranıb günəşin məhəbbətindən,
Bəlkə ona görə Odlar yurdudur.
Sevirəm Bakının gecələrini
Əzizdir o mənə Tbilisimtək.
Gəzdikcə çılçıraq küçələrini
Sevincdən sinəmə sığmayır ürək.