Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycanın ilk baş naziri kimi tarixə düşmüş Fətəli Xan Xoyskinin (1875-1920) anım günüdür. Onun Tbilisidə qətlə yetirilməsindən 104 il ötür.
Görkəmli dövlət xadimi Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra vətənini tərk edərək Tiflisə köçməyə məcbur olub. O, 1920-ci ilin iyunun 19-da “Nemezis” əməliyyatında “Daşnaksütyun” partiyasının üzvü, erməni terrorçu Aram Yerkanyan tərəfindən qətlə yetirilib. Məzarı Tbilisinin Botanika bağı ərazisindəki görkəmli azərbaycanlıların panteonundadır.
F.Xoyskinin qətli barədə həmin ilin iyunun 22-də “Gürcüstan Respublikası” qəzetinin 137-ci sayında “Xan Xoylunun qətli” başlıqlı xəbərdə yazılıb:
“Şənbə günü (19 iyun) ikinci rayonun komissarı Tiflis şəhər milisi, şəhər rəhbərliyi, rayon məhkəməsi prokuroru, yoldaş prokurora və birinci rayonun müstəntiqinə bu məlumatı verib:
Bu gün gecə saat 11-də Feodosiya küçəsində cinayətkarlar Azərbaycanın keçmiş naziri Xan Xoylunu tapanca ilə ağır yaralayıblar. İstintaq davam edir. Cinayətkarların müəyyən edilməsi üçün tədbirlər görülüb. Hökumət üzvləri Feodosiya küçəsində baş vermiş cinayət barədə dərhal məlumatlandırılıb. Qətlin mümkün qədər təfərrüatlarını araşdırmaq və aydınlaşdırmaqla bağlı qəti əmr verilib. İstintaq başa çatandan sonra hökumətin iş üzrə hesabatı olacaq.
Şənbə günü saat 12 radələrində Xan Xoylu Mixeil xəstəxanasına çatdırıldı. O, özünə gəlmədi və iyunun 20-də səhər saat 4-də dünyasını dəyişdi. Meyiti iyunun 21-də səhər saat 11-də təhvil verildi.
Mərhum müsəlman qəbirstanlığında dəfn olundu.
Xan Xoylunun yol yoldaşı Xəlil Məmmədov yüngül yaralar alıb, vəziyyəti yaxşılaşır”.
Qeyd edək ki, keçmiş Feodosiya küçəsi o zaman Qolovin prospekti (indiki Rustaveli pr.) yaxınlığında müqəddəs Feodosi Çerniqovski kilsəsinin yaxınlığında yerləşib.
Mixeil xəstəxanası isə (Mixaylovski xəstəxanası) Tiflisin ilk şəhər xəstəxanası olub, keçmiş Plexanov, indiki Ağmaşenebeli prospektində yerləşib. 2000-ci ilin əvvəllərinədək fəaliyyət göstərib. Tarixi tikili günümüzə qədər gəlib çatıb.
Aziz.ge