Azərbaycanın Xalq şairi Nəbi Xəzri (1924-2007) Tbilisi adlı şeirində Kür çayının, Gürcüstan paytaxtının gözəlliyini və Bakı-Tbilisi qardaşlığını təsvir edib.
Bəstəkar Ələkbər Tağıyev (1924-1981) həmin şeirə musiqi bəstələyib, mahnını Azərbaycanın xalq artistləri – Flora Kərimova və Gülağa Məmmədov 1965-ci ildə duet şəklində ifa ediblər.
Sahilə çırpınır ləpələr,
Nə qədər dərindir gur çayın.
Günəşdə yuyunur təpələr,
Mənimdir, sənindir Kür çayı, Tbilisi!
***
Sevinir azadlıq ölkəsi,
Ucalır qardaşlıq nəğməsi.
Ellərə sirdaşsan, Tbilisi!
Bakıya qardaşsan, Tbilisi!
***
Sinəndə çay olub, axmışam,
Çağlayıb qəlbimdə diləklər.
Mən Sənan dağına qalxmışam,
Oxşayıb saçımı küləklər, Tbilisi!
***
Mən səni sevmişəm yaz çağı,
Qəlbimin baharı sevmişəm.
Mən sənə çiçəklər torpağı,
Nəğmələr diyarı demişəm, Tbilisi!