Gürcüstan yazıçılarının iqamətgahında şərq üslublu məkan – Nizami Gəncəvi otağı

Tbilisidə Gürcüstan Yazıçılar Evinin nəzdində iqamətgah yazıçılar, şairlər, rəssamlar, tərcüməçilər, bir sözlə, yaradıcı insanlar üçün ideal məkandır. Yaşayıb yaratmaq üçün yaradılmış rezidensiya şəhərin mərkəzi Sololaki rayonunda, İvane Maçabeli küçəsi 13 ünvanında yerləşir.

Şair və yazıçıların adlarını daşıyan 5 otaq

Rezidensiyada beş otaq var ki, onlar əsərlərində Gürcüstana yer vermiş məşhur şair və yazıçıların şərəfinə adlandırılıb. Bu məkanı azərbaycanlı yaradıcı insanlar üçün də cəlbedici edən şərq üslubunda tərtib olunmuş və Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan otaqdır. Məlumdur ki, böyük ədib “Xosrov və Şirin” və “İskəndərnamə” poemlarında Tiflis və Gürcüstanı vəsf edib.

Gürcüstan Yazıçılar Evi və iqamətgahın yerləşdiyi binanın tarixinə qısa nəzər salaq.

Binanın qısa tarixi

Əzəmətli bina 1903-1905-ci illərdə tanınmış xeyriyyəçi, ölkənin konyak istehsalının əsasını qoyan, kimya və fəlsəfə üzrə doktor David Saracişvili (1848-1911) tərəfindən həyat yoldaşı Ekaterine Porakişvili ilə evliliyinin 25-ci ildönümü münasibətilə inşa olunub.

Möhtəşəm ikimərtəbəli tikili alman memar Karl Zaarın tbilisili həmkarları Aleksandr Pzerov və Korneli Tatişevlə əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Art Nouveau memarlığının gözəl nümunəsi olan bina gürcü və Avropa memarlığının ən yaxşı sintezi kimi qəbul olunur.

Qısa zaman ərzində Tbilisinin mədəni həyatının mühüm mərkəzinə çevrilən tikilidə ziyafətlərlə müşayiət edilən ədəbiyyat, incəsənət axşamları, sərgilər təşkil olunurdu.

Uzun illər bir sıra tarixi hadisələrə şahidlik etmiş 119 yaşlı bina 2008-ci ildə Gürcüstan Yazıçılar Evinə verilib.

Gürcü dizaynerin tərtibatı

2017-ci ildə Gürcüstanın Biznes Assosiasiyanın maliyyə dəstəyi ilə binanın istifadə olunmayan mansardında tikilinin harmoniyasına uyğun təmir və bərpa işləri aparılaraq qonaq otaqları yaradılıb. Apartamentlərin xüsusi və orijinal tərtibatı tanınmış gürcü rəssam, dizayner, restorator Quqa Kotetişviliyə məxsusdur. Digər apartamentlər yazıçılar – Aleksandr Dyuma (fransız üslublu), Boris Pasternak (Rusiya üslublu), Marcori və Oliver Vardrop (ingilis üslublu), Con Steynbekin (Amerika üslublu) adını daşıyır. “Muzey otaqlar”da olan hər bir əşya əl işidir, interyeri, mebelləri təkrarolunmaz və bənzərsizdir.

Yaradıcılıq evi Yazıçılar Evinə beynəlxalq ədəbi təşkilatlarla mədəni əlaqələri genişləndirməyə və möhkəmləndirməyə, əcnəbi müəlliflər, tərcüməçilər və naşirlərlə sıx əməkdaşlıq qurmağa imkan verir. Tbilisidə keçirilən ədəbi seminarlar, ustad dərsləri və müzakirələrin iştirakçıları da bu məkanın qonağına çevrilərək yeni ideya və layihələri inkişaf etdirirlər.

Evin ilk fəxri qonağı belarus yazıçısı, jurnalist və ssenarist, Nobel mükafatçısı, Svetlana Alekseyeviç olub.

Şərq ab-havalı Nizami Gəncəvi otağı

Nizami Gəncəvi otağında əsl şərq ab-havası yaradılıb, şərq stilində dizaynın əsas cəhətlərinə uyğunluq gözlənilib – çarpayı zonası pərdə ilə örtülüb, xalça, balış və pərdə kimi tesktil məmulatlarından geniş istifadə olunub.

Görünən odur ki, dizayner otağın tərtibatında məşhur “Şərq incə işdir” deyimini əlində rəhbər tutub. Zərif şərq naxışları ilə bəzək vurulmuş çarpayı, stul, kreslolar, divan, balışlar, şkaf, yazı masası, çılçıraqlar otağa xüsusi kolorit verir, divarların və əşyaların rənglərinin tonları insana sakitləşdirici və rahatlaşdırıcı təsir bağışlayır. Bu cür məkanda qonaq olan yaradıcı insanı “ilham pərisi”nin ziyarət etməməsi mümkünsüzdür.

Nizami Gəncəvi otağında birgünlük gecələmənin qiymətinin səhər yeməyi daxil olmaqla, 100 ABŞ dolları təşkil edir. Nisbətən böyük digər otaqlarda qiymət 120 ABŞ dollarına bərabərdir. 

Yaradıcılıq evində, eləcə də otaqların heç birində televizor yoxdur. Apartamentlərdə elə bir atmosfer formalaşdırılıb ki, yaradıcılıq üçün ilhamlanmağa heç bir səs-küy mane olmasın.

Apartamentlərdə riayət olunmalı bir sıra qaydalar var. Bir nömrəli qayda sakitliyə riayət etməkdir. Qida və içki qəbul etmək, siqaret çəkmək qadağandır. Azyaşlı uşaqları olan yaradıcı insanlar qonaq qəbul olunmur. Bu, uşaqların əşyalara hər hansı bir zərər vurmamasından bir növ sığortalayır.

Həm zal, həm mətbəx, həm də otaqlardakı bütün əşyalara muzey eksponatı kimi yanaşılır və mühafizə olunur. Apartamentlərdə kiçik bir dəyişiklik belə etmək yalnız dizaynerin razılığından sonra mümkündür.

Yaradıcılıq evinin qonağı olmaq üçün otaqları www.booking.com saytı üzərindən bron etmək olar. Məkan barədə məlumatı yaradıcılıq evlərinin ən böyük onlayn resursu olan www.resartis.org saytında da əldə etmək mümkündür. Apartamentlərdə Tbilisiyə səfər edən və yaradıcılıq sahəsini təmsil etməyən əcnəbilər də qala bilərlər.

________

Nizami Gəncəvi otağı haqqında reportaj 2021-ci ildə Report informasiya agentliyinin saytında dərc olunub. Müəllifi Cəmilə Babayevadır.