Bu gün Azərbaycan teatr və kino sənətində mühüm yer tutan Xalq artisti, görkəmli aktyor Əli Qurbanovun anadan olmasından 126 il ötür. O, 1898-ci ilin 20 iyun tarixində Tiflisdə anadan olub.
Ə.Qurbanov uşaqlıq illərindən böyük çətinliklər içərisində yaşayıb. Atası dəmiryolunda fəhlə işləyib, anası mollalıq edib. Dörd uşaq (bir bacı, üç qardaş) böyüyən ailə ehtiyac içində yaşayıb. Əli Qurbanov bir neçə illik məktəb təhsili alıb. Musiqiyə hədsiz marağı olduğundan saz və tar çalmağı da öyrənib. Amma ailəsinin güzəranı il-ildən pisləşdiyindən məktəbi atıb, 10 yaşından atası ilə fəhləlik etməyə məcbur olub. Atası dünyasını dəyişdikdən sonra isə vəziyyəti daha da çətinləşən ailənin bütün ağırlığı onun üzərinə düşüb.
Gənc Əli bir müddət rabitə sistemində işləyib, bacarıqlı olduğundan qısa müddətdən sonra montyor kimi fəaliyyət göstərib. Digər peşə sahələrində nə qədər bacarıq nümayiş etdirsə də, arzuladığı nailiyyəti ona yalnız teatr sənəti bəxş edib.
Erkən yaşlarından teatra həvəs göstərən Ə.Qurbanov 1915-ci ildə xalası oğlu Möhsün Sənaninin təşkil etdiyi Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin tamaşasında Rüstəm bəy obrazını oynayıb. Bundan sonra Tiflis Azərbaycan Dram Teatrında müxtəlif xarakterli rollar canlandırıb.
Onun Şveytser (“Qaçaqlar”), Qalabəyi (“Müfəttiş”), Niyaz (“Pəri cadu”), Montano (“Otello”), Balaxan (“Aydın”), Şeyx Nəsrulla (“Ölülər”), Rüstəm bəy (“Məşədi İbad”), Həsən kişi (“Baba yurdunda”), Dönməz (“Od gəlini”), Serqo (“Şeyx Sənan”) rolları teatrın tarixinə yazılmış səhnə obrazlarıdır.
1925-ci ildə Aleksandr Tuqanov onu baş rejissor işlədiyi Azərbaycan Dövlət Dram Teatrına işləməyə dəvət edib. Teatrın səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında oynanılan tamaşalarda çıxış edib.
50 ildən artıq fəaliyyət göstərdiyi böyük səhnədə 200-ə yaxın muxtəlif rollarda çıxış edib, bəzi rolları bir neçə yüz dəfə oynayıb. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa edib, Niyaz rolunun yeganə ifaçısı olduğu “Pəri Cadu”nun muxtəlif quruluşlarında bu rolu dəfələrlə oynayıb. 1938-ci ildə Azərbaycanın Əməkdar artisti, 1940-cı ildə isə Xalq artisti adına layiq görülüb.
Ə.Qurbanov kinolarda da yaddaqalan obrazlar yaradıb. Görkəmli sənətkar Abbas Mirzə Şərifzadənin quruluş verdiyi “Hacı Qara” (1928) filmində aşıq rolu ilə kinoda debüt rolunu oynayıb. Növbəti illərdə “Almaz” filmində Avtil, “Yeni horizont”da Heydər, “Səbuhi” də Ağalarov, “Fətəli xan”da usta Səməndər, “Mahnı belə yaranır”da kor aşıq, “Qara daşlar”da usta Ramazan, “Ögey ana”da Qurbanəli, “Bir qalanın sirri” nağıl-filmində Kamran baba, “Koroğlu”da aşıq Cünun və Alı kişi, eləcə də başqa rolları orijinal səpkidə canlandırıb.
Əli Qurbanov 1962-ci ildə vəfat edib.
___________
Mənbə: Azərbaycan Dövlət Film Fondu
“Tiflis Azərbaycan teatrı”. İlham Rəhimli (Bakı-2006)