Abbasqulu ağa Bakıxanov və Tiflis – Mütərcim, redaktor, Mirzə Şəfi ilə ədəbi mübahisələr

Bu gün Azərbaycanda ictimai fikrin inkişafı tarixində görkəmli yer tutan şəxsiyyətlərdən biri Abbasqulu ağa Bakıxanovun (1794-1846) anadan olmasından 230 il ötür. O, alim, tarixçi, mütəfəkkir olmaqla yanaşı, Qüdsi təxəllüsü ilə şeirlər də yazıb.

Tiflisin gənc Bakıxanova dərin təsiri, Avropa mədəniyyəti ilə tanışlıq

A.Bakıxanov 1819-cu ilin dekabrında Qafqazın baş hakimi general A. P. Yermolov tərəfindən Tiflisə dəvət olunaraq, Şərq dilləri mütərcimi vəzifəsinə təyin edilir. Bu vazifəyə təyin edildikdən sonra o, kiçik əyalət şəhəri olan Qubanı tark edib, Tiflis şəhərinə köçür və burada yeni həyata başlayır. Tiflis gənc Bakıxanov üzərində dərin təsir buraxaraq, onun fikri inkişafında mühüm rol oynayıb. O, təhsil aldığı Qubada rus dili ilə azacıq tanış olmuşdu. Bunsuz onun rəsmi dövlət qulluğuna qəbulu mümkün olmazdı. Lakin o, bu dili əsaslı surətdə qulluğa girdikdən sonra, özünün qeyd etdiyi kimi, Tiflisdə öyrənmişdi.  

1944-cü ilin avqustunda Tbilisidə işıq üzü görən gürcüdilli “Ədəbiyyat və incəsənət” qəzetində Bakıxanovun 150 illiyinə həsr olunan və müəllifi Əziz Şərif olan “Şair-tarixçi” sərlövhəli məqalə dərc olunub. Şair, alim və tarixçinin yaradıcılığından bəhs edən məqalədə qeyd olunub ki, A.Bakıxanov Azərbaycan xalqının ən tanınmış oğulları arasında görkəmli mədəniyyət, elm və ədəbiyyat xadimi kimi önəmli yerlərdən birini tutur.

Məqalədə A.Bakıxanovun “Tiflisdə olduğum dövrdə rus dilini öyrənməyə başladım. Onun köməyi ilə Avropa mədəniyyəti ilə tanış oldum” sözləri yer alıb.

“Tiflis əxbarı” qəzetinin redaktoru

Tiflisdə nəşr olunan Qafqazın ilk rusdilli “Tiflisskiye vedomosti” qəzetinin redaktor P.Sankovski öz qeydlərində A.Bakıxanovu fars, ərəb, türk və Azərbaycan dillərini bilən görkəmli şərqşünas, tarix, coğrafiya və astronomiya elmləri sahəsində böyük şöhrət qazanmış alim kimi səciyyələndirib. Qeyd edək ki, A.Bakıxanov  bu qəzətin farsdilli versiyasının redaktoru olub, nəşrin azərbaycanca adı “Tiflis əxbarı” idi. Qəzetin ilk sayı 1832-ci ilin yanvarın 1-də işıq üzü görüb, 1833-cü ildə nəşri dayandırılıb.

Mirzə Şəfinin ədəbi məclisinin fəal iştirakçısı

A.Bakıxanov Tiflisdə fasilələrlə yaşadığı dövrdə görkəmli ədib Mirzə Şəfi Vazehlə yaxından tanış olur və onun burada təşkil etdiyi “Divani-hikmət” məclisində fəal iştirak edir. Məclisin canı və ən fəal iştirakçıları Mirzə Şəfi Vazehlə A.Bakıxanov idi ki, mübahisələr çox zaman onların arasında gedirdi. Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi “Divani-hikmət” məclisində A. Bakıxanov fəal iştirak edir və öz mənalı çıxışları ilə müasirlərinə təsir edirdi.

Mirzə Şəfi Vazeh

Məclisdə iştirak edənlərdən F. Bodenştedt “Şərqdə min bir gün” əsərində A. Bakı-xanovun Mirzə Şəfi ilə olan bir görüş və mübahisə səhnəsini təsvir edərkən onların haqqında bu sətirləri qeyd edib:

“Onların arasında cərəyan edən bollu və qızğın mübahisələr hər ikisini sevincli bir hala gətirirdi. Hər biri Qurandan, Sədidən, Hafizdən, Füzulidən misallar gətirərək bunların yer üzündəki bütün hikmətlərin canlı timsalı olduğunu o birisinə isbat etməyə çalışırdı. Heyf ki, onların arasında mübahisə o qədər sürətlə gedirdi ki, mən ondan rabitəli bir şey yaza bilmirdim. Mən Abbasqulu xandan xatirə olmaq üçün bir şeir yazmağı xahiş etdim… O “Fatma tar çalarkən” şeirini yazdı. Mirzə Şəfi şeirin gözəlliyini tərifləyib “bu şeir öz müəllifinə yüksək bir şərəf və şöhrət qazandıracaqdır” sözlərini dedi. Abbasqulu xan ayağa qalxdı və özünün tərtib etdiyin fars dilinin sərf kitabını ertəsi gün gətirəcəyini vəd etdi”.

“Fatma tar çalarkən” şeiri

Əlində titrərkən o nazik tellər,
Sonsuz həyəcanla titrədi qəlbim.
O incə, o şirin, dadlı nəğmələr,
Fələyə qaldırdı ruhumu mənim.
Eşqin yüksəldi
fərəhlə bir an.
Şövqə gəldi
can.
Qoy açsın qanad,
sənin xəyalın.
Bir an da olsa qoy gülsün bu həyat,
Məst etsin qəlbimi gözəl camalın.
Hamıdan xoşbəxtəm bu dünyada mən,
Səninlə bağlıdır bəxtiyarlığım.
Əqlim də sən oldun, düşüncəm də sən
Sənsiz nəyə lazım mənim varlığım?
Hüsnünün nurunu gördükdə bir dəm,
Könül qaldı mat.
Sanasan dövrəmdə rəqs etdi aləm,
Bütün kainat
bir nəğmə oldu,
Füsunlu ahənglə qəlbimə doldu.
Mən səni araram ey əziz nigar,
Qoyma ki, arizum qəlbimdə qalsın.
Təbiət məst olub bizə oldu yar,
Çalışır tez bizi ağuşə alsın.
O şaqraq səsində
Məlahət vardır,
Ürəyim səninlə
Nə bəxtiyardır!

Həmçinin oxu: Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür – Abbasqulu ağa Bakıxanovun müxəmməsi

____________

İstifadə olunmuş mənbə: “Abbasqulu ağa Bakıxanov Qüdsi”. Feyzulla Qasımzadə (Bakı-1956)