Bülbülün “Gürcüstanın bülbülü”nə muğamatı sevdirməsi  – Tiflisdə təsadüfi görüşün buraxdığı iz

Bu gün Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Murtuza Məmmədovun (Bülbül) anadan olmasından 127 il ötür.

Görkəmli ifaçı Tiflisdə ilk dəfə 1911-ci ildə çıxış edib. O, Tiflisdə gənc həmkarı, tanınmış gürcü müğənni, “Gürcüstanın bülbülü” adlandırılan Vano Saracişvili (1879-1924) ilə tanış olub. Bu görüşün tarixçəsi barədə Möhbəddin Səmədin “Yaddaşımızın yaşıdları” kitabında (Bakı 2003) söz açılıb.

Bülbül

Nəşrdə qeyd olunub ki, Bülbülün ifası V.Saracişvilini Azərbaycan muğamatına sevdirib, azərbaycanlı müğənnini İtaliyada təhsil almağa məhz onun həvəsləndirdiyi bildirilib.

Vano Saracişvili

“Bahar idi. 1911-ci ilin xoş rayihəli baharı. Onda Tiflis gül-çiçəyə qərq olmuşdu. Qoca Sənan dağı yaşıllıq içində itib-bitmişdi. Otaçala, Şeytanbazar gül-çiçək bazarına çevrilmişdi. Tiflislə bu ilk görüş Bülbülün qəlbini riqqətə gətirmişdi, oxumaq istəyirdi. Axşamın tez düşməsi, dəvət edildiyi toyun başlanması üçün darıxırdı. Darıxırdı ki, toyda ürəyini boşaltsın. Axır ki, axşam düşdü, toy başlandı. Bülbül məclisi “Rast” muğamı ilə açıb el mahnıları ilə bitirdi.

Onun sehirkar səsi bütün məclisdəkiləri ovsunlamışdı. Yer-yerdən üstünə qızıl pul yağdırıb alqışlayırdılar. Bülbülün məlahətli səsinə valeh olan məşhur gürcü müğənnisi Vano Saracişvili özünü saxlaya bilməyib yerindən qalxdı, Bülbülə yaxınlaşıb ona əl uzatdı:

– Sizinlə ilk tanışlığıma çox şadam, cavan oğlan. Siz füsunkar səsinizlə, gözəl oxumağınızla muğamatı mənə sevdirdiniz. Siz bu səslə Azərbaycan mahnılarını təkcə mənə yox, bütün dünyaya sevdirə bilərsiniz. Bunun üçün yeni oxuma texnikasına yiyələnməlisiniz. Dünyanın məşhur musiqi beşiyi İtaliyaya getməlisiniz. Xüsusi musiqi məktəbində oxuyub öyrənməlisiniz, görüb götürməlisiniz.

Bülbül ömründə birinci dəfə idi ki, İtaliya adı eşidirdi. İlk dəfə idi ki, xanəndə olmaq üçün xüsusi məktəbdə oxumaq söhbətlərinə qulaq asırdı. Ona görə də görkəmli müğənninin dedikləri ona birtəhər gəldi:

– Bəyəm, İtaliyaya getmədən xanəndəlik etmək olmaz? Guya Cabbar Qaryağdıoğlu İtaliyaya gedib; xüsusi xanəndəlik məktəbi qurtarıb?

Vano Saracişvili ürəkdən qəhqəhə çəkib əlini Bülbülün çiyninə qoydu:

– Cavan oğlan, sizin fikrinizlə az da olsa şərikəm. Atalar demiş: “Gərək quyunun özündə su olsun”. Bunu deməkdə məqsədim odur ki, sizdə həm gözəl səs, həm də böyük istedad var. İfanızda Azərbaycan mahnıları olduqca gözəl səslənir. Lakin bu mahnıları milli çərçivə daxilində məhdudlaşdırmaq olmaz. Onu yalnız bir xalqın malı etmək düzgün deyil. Bilirsinizmi, sənət bəşəri olmalıdır, hamıya zövq verməlidir. Yalnız onda sənət böyük ola bilər”.

Görkəmli musiqiçi ilə olan bu təsadüfi görüş, bu ötəri söhbət Bülbülün qəlbində dərin iz buraxdı. Onun gözlərində sənət böyüdü, əlçatmaz oldu. Ara-sıra Vanonun dedikləri qulaqlarında səslənib, ona dinclik vermədi. Gənc xanəndəni böyük işlər görməyə çağırdı. Bülbül dərk etdi ki, nə isə sənətə öz gəlişi ilə yeni ruh, yeni nəfəs gətirməlidir. Bunun üçün o, mükəmməl savad almalı, uzun illər sənətdə axtarışlar aparmalı, çoxlu çətinliklərlə üzləşməlidir. Ona görə öz özünə sual edirdi: “Mən bu çətinliklərə dözə biləcəyəmmi?”.

Elə o saat da öz sualına özü cavab tapırdı: “Sənət qurban istəyir. Ya gərək bəri başdan sənətdən əl götürəsən, ya da bu yolda ömrünü şam edəsən. Mən ikincilərdən olmalıyam”.

O, sözünün üstündə möhkəm dayandı. Əvvəlcə onun səsi Bakı konservatoriyasından, sonra isə İtaliyadan (1927) gəlməyə başladı”.

Tiflis şəhəri Bülbülün həyatında daha bir önəmli rol oynayıb. O, həyat yoldaşı Adelaida Qasımova (1922-2015) ilə məhz bu şəhərdə tanış olub. Cütlüyün övladı Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu Tbilisini çox əziz şəhər adlandırır. Özünün söylədiyi kimi, “çünki atam anamı məhz bu şəhərdə tapıb”.  Tiflisdə  doğulan Adelaida xanımın böyük əcdadı Giorgi Vezirişvili Gürcüstan çarı II Ereklenin müasiri və onun sədaqətli müttəfiqi idi.

Qeyd edək ki, 2015-ci ildə Tbilisidə Bülbülün büstü açılıb. Müəllifi tanınmış heykəltəraş Giorgi Caparidzedir. Abidə Qorqasali küçəsindəki skverdə, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin binası qarşısında yerləşir.