İoseb Qrişaşvili (1889-1965) ən tanınmış gürcü şairlərindən biridir. O, 1959-cu ildə Gürcüstan SSR-in Xalq şairi adına layiq görülüb. Onun yaradıcılığına aşıq poeziyasının və Tiflis folklorunun böyük təsiri olub. Şair M.F.Axundovun “Puşkinin ölümünə şərq poeması”nı gürcü dilinə çevirib.
İ.Qrişaşvili 1957-ci ildə Bakıda Azərbaycan SSR-in Xalq artisti Bülbülün yubiley şənliklərində iştirak edib, görkəmli ifaçıya həsr etdiyi “Azərbaycan bülbülünə” adlı şeir qələmə alıb. Bu barədə şeirin yer aldığı “Bir sinədə iki ürək” (Bakı-1981) kitabında poeziya nümunəsinə verilmiş qeyddə bildirilib. Şeiri dilimizə Valeh Hacıyev tərcümə edib.
Həmin şeiri təqdim edirik.
Bu gün səni salamlayır
Qardaş eli Tbilisi
Bülbül kimi cəh-cəh vurdun,
Sən coşdurdun qəlbimizi.
***
Söylə varmı tanımayan,
Heyran olmayan səsinə,
Min könüldən vurulmayan
Bülbülün hər nəğməsinə?
***
Bir yaxşı bax gözəllərə,
Sevinc yağır üzlərindən.
Onlar səni dinlədikcə
Nur tökülür gözlərindən.
***
Şəkərmisən, şərbətmisən,
Yoxsa, bal var nəfəsində?
Pətəkdə bal arıları
Xumarlanır xoş səsindən.
***
Qocalmısan? İnanmıram,
Qocalarmı heç bülbüllər?
Cəhcəhinlə ləpələnər,
Qara dəniz, mavi Xəzər.
***
Şan-şöhrətin qoy bəzəsin
Aylarını, illərini,
Sən Günəşsən, nura boya
Doğma Bakı göylərini.
***
Yaşa qardaş! Bir an səni
Bürüməsin kədər, yaşa!
Səhnəmizdə “Koroğlu”nu
Oxuduğun qədər yaşa.
***
Vurulmuşdur əzəl başdan
Saracişvili səsinə,
İndi heyranıq Bülbülün
Nəğməsinə, nəfəsinə.
***
Hünərinə baş əyirik
Hər bir zaman, hər bir yerdə,
“Bülbül, yaşa, var ol!” – deyir
Nəğməsində gürcülər də.
Həmçinin oxu:
Bülbülün “Gürcüstanın bülbülü”nə muğamatı sevdirməsi – Tiflisdə təsadüfi görüşün buraxdığı iz