Tbilisi və Azərbaycan ədəbiyyatı – I hissə

Hər bir şəhərin öz tarixi var. Tbilisinin tarixi yalnız gürcü dilində deyil, digər xalqların da dilində, o cümlədən bir neçə yüzilliklər ərzində gürcü xalqı ilə qardaşlıq bağları ilə bağlı olan Azərbaycan xalqının dilində də yazılıb.

Vaxtilə Tbilisidə nəşr olunan “Zarya Vostoka” qəzetinin 1958-ci il 26 iyun tarixli 147-ci sayında “Tbilisi və Azərbaycan ədəbiyyatı” sərlövhəli məqalə bu sözlərlə başlayır. Müəllifi Azərbaycan SSR Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əziz Mir Əhmədov olan məqalə Tbilisi şəhərinin 1500 illiyinə həsr olunub.

Aziz.ge həmin məqaləni hissə-hissə təqdim edir.

Məqalədə qeyd olunub ki, Tbilisiyə aid olan Azərbaycan ədəbiyyatı mənbələri arasında zamana görə ilk yeri Xəqani ŞirvaniNizami Gəncəvinin əsərləri tutur. Həmin mənbələrdən aydın olur ki, hələ XII əsrdə Tbilisi şairlər, mütəfəkkirlər, mədəniyyət xadimlərinin məhəbbətini qazanmış şəhər olub.

Xəqani Şirvani

Böyük söz ustadı Xəqani o zamankı Şirvanın sıx bağlı olduğu Gürcüstana səmimi sətrlər həsr edib, əsərlərinin birində Şirvan hökmdarı ilə birgə Tiflisə səfərindən söz açıb. Akademik K.Kekelidzenin qeyd etdiyi kimi, Xəqani Tbilisidə olduğu zaman çariça Tamarın sarayında dahi şair Şota Rustaveli ilə görüşə bilərdi. Buna görə də, hələ o zaman Tbilisi Gürcüstan və Azərbaycanın ictimai-siyasi və mədəni əlaqələrinin mərkəzi olub.

Nizami Gəncəvi “İskəndərnamə” epopeyasında hələ qədim zamanlarda böyük istilaçı İskəndəri (Makedoniyalı İskəndər) heyran etmiş Tbilisini “cənnət, gözəl torpaq” adlandırır.

Tbilisi Azərbaycan klassik ədəbiyyatında olduğu kimi, şifahi xalq yaradıcılığında da hərarət və səmimiyyətlə tərənnüm edilir.

Nizami Gəncəvi

“Aşıq Qərib” epik rəvayəti, “Məhəmməd və gürcü qız haqqında hekayə”, “Şəhriyar” rəvayəti, həmçinin azərbaycanlı aşıqların şeirləri Tbilisiyə səmmi sevgi ilə doludur. Akademik Həmid Araslının aşkarladığı “Şəhriyar” epik rəvayətində Tbilisi, Ortaçala və Soğanlıq  sakinləri, onların məişəti barədə geniş məlumtlar var.

Şikəstə Şirinin (XVIII əsr) “Tbilisi” tarixi qəsidəsi maraqlıdır. Şair qəsidəsində II İraklinin Krtsanisi döyüşündə məğlubiyyətini, fars işğalçılarının vəhşiliklərini, vətənpərvər gürcülərin qəhrəmanlığını böyük ürək ağrısı ilə təsvir edir. Şikəstə Şirinin qəsidəni yazması təsadüfi deyil. Əsərdə Azərbaycan və gürcü xalqlarının iranlı təcavüzkarlara qarşı birgə mübarizəsi bədii formada təsvir edilib.

Molla Pənah Vaqif

XVIII əsrdə iranlı əsarətçilərin təhlükəsinə qarşı qonşu ölkələrin birləşməsi məsələsi yarananda azərbaycanlı şair və diplomat Vaqif Tiflis və İrəvana səfər edib, İrakli ilə görüşüb və onunla diplomatik danışıqlar aparıb. Tarixçi Mir Mehdi Xəzani “Qarabağnamə” əsərində qeyd edir ki, onlar ümumi düşmənə qarşı “birgə ittifaqın yaradılması haqqında” müqavilə imzalayırlar. Vaqif Tiflisdə üç şeir yazır.

Qafqazın Rusiyaya birləşməsindən sonra Tiflis bütün Zaqafqaziyanın inzibati, siyasi və mədəni mərkəzinə çevrilir. Azərbaycan ədəbiyyatı, maarifi və mətbuatı ilə bağlı  bir sıra yeniliklər və təşəbbüslər Azərbaycan ziyalılarının bir çox görkəmli nümayəndələrinin ilk addımlarının atdığı bu şəhərdə yaranır.   

Ardı var