Gürcüstanın Dmanisi rayonunun azərbaycanlılar yaşayan Pantiani (Armudlu) kəndindəki eyniadlı gölün yaxınlığında II Dünya müharibəsinə həsr olunan xatirə abidəsi var.
Memorialın son illərdəki acınacaqlı vəziyyətinə görə onu abidə deyil, onun xarabalıqları adlandırmaq daha doğru olardı. Abidənin üzərində rus dilində çətinliklə oxunan “Qanlı döyüş meydanlarından qayıtmayan əsgərlər” sözü, ağlayan qadın surəti və uçan durnalar təsvir edilib. Dmanisinin bir neçə kəndi – Yuxarı Oruzman, Aşağı Oruzman, Dəllər, Pantiani kəndindən olan azərbaycanlıların soyadlarının yazıldığı 12 mərmər lövhədən bəziləri sınıb yerə düşüb, bəziləri isə bütövlükdə yox olub.
Abidə baxımsızlıqdan uçub dağılıb, çatlar verib, ətrafı ot, mamır və kollarla örtülüb, üzərində boya ilə müxtəlif sözlər yazılıb.
Unudulmuş abidənin yaşını durnaların təsviri ilə təxmin etmək olar. Belə ki, bu quşların təsviri keçmiş sovet respublikalarında Böyük Vətən Müharibəsinə həsr olunan əksər abidələrdə rast gəlinir. Durnalar tanınmış avar şairi Rəsul Həmzətovun eyniadlı şeirindən sonra bu cür memoriallarda mərkəzi obraza çevriliblər. Şair “Durnalar” şeirini 1965-ci ildə qələmə alıb. Dmanisidə faşizmlə mübarizədə sinələrini sipər edən azərbaycanlıların xatirəsinə aid abidənin 1970-ci ildə – Qələbənin 25-ci ildönümü ilə əlaqədar açıldığını güman etmək olar. Memorialın 50-dən çox yaşı var və onilliklər ərzində heç bir təmir-bərpa işləri aparılmayıb.
Qeyd edək ki, Gürcüstanın faşizmlə mübarizədə töhfəsi böyük olub. Böyük Vətən müharibəsinə ölkənin o zamankı əhalisinin təqribən 20%-i yollanıb. Döyüşlərdə, təxminən, 700 min nəfər gürcüstanlı iştirak edib və onların 300 minə yaxını geri qayıtmayıb. Gürcüstandan olan döyüşçülər arasında bu ölkədə yaşayan azərbaycanlılar da çoxluq təşkil edib. Təkcə Dmanisi rayonundan müharibədə 2 500 nəfər iştirak edib ki, onların da 1 900-ü həlak olub.
İstənilən xatirə abidəsinə münasibət onun təcəssüm etdirdiyi simvolik mənaya da münasibəti aydın göstərir. Mərmər lövhələrdə soyadları qeyd olunan soydaşlarımız – Məmmədovlar, Ramazanovlar, Süleymanovlar, Muradovlar, Əliyevlər, Musayevlər, Yusubovlar, Paşayevlər, Quliyevlər, İbrahimovlar, Qurbanovlar, İmanovlar və digərləri indiki nəsillərin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün canlarını fəda ediblər. Onların xatirəsini ehtiramla yad edib, əziz tutmaq Gürcüstan vətəndaşlarının, ilk növbədə isə soydaşlarımızın mənəvi borcudur. Memorial abidənin bugünkü vəziyyəti açıq-aydın göstərir ki, II Dünya müharibəsindən geri dönməyən dmanisililər unudulub, xatirələrinə ehtiram bəslənilmir.
Gələn il faşizm üzərində Qələbənin 80-ci ildönümü qeyd olunacaq. Armudlu kəndindəki memorial abidənin bu əlamətdar tarix öncəsi bərpa olunaraq soydaşlarımızın əziz xatirəsinə ehtiramsızlığa son qoyulacağına ümid edirik.
Aziz.ge