Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin (1842-1907) tərcümeyi-halında Tiflis şəhərinin xüsusi yeri var. Görkəmli maarifçi bu şəhərdə təhsil almaqla yanaşı, iş fəaliyyəti ilə də məşğul olub, həmçinin gələcək həyat yoldaşı Hənifə xanım Abayeva (1856-1929) ilə tanış olub.
Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Hənifə xanım Abayevanın xatirələrindən:
“1852-ci ildə Həsən bəyin atası onu Şamaxıya aparıb şəhər məktəbinə vermişdir. Həsən bəy bu məktəbdə çox yaxşı oxumuş və buraxılış imtahanı verərkən öz cavabları ilə Qafqaz Tədris Dairəsinin müdiri baron Nikolayı heyran qoymuşdur. Baron Nikolay Həsən bəyin təhsilini davam etdirməsi üçün Tiflisə göndərilməsini təkid etmişdir. Həsən bəy Tiflisdə imtahan verərək birinci Tiflis gimnaziyasının beşinci sinfinə girmişdir. 1861-ci ildə gimnaziyanı bitirib dövlət hesabına Moskva Universitetinə göndərilmiş və fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur”.
Xatirələrdən o da məlum olur ki, Həsən bəy Zərdabi 1866-cı ildə Tiflisdə çalışıb, kəndlilərə daha yaxın olmaq məqsədilə Mejovaya palatasının (Mərz Palatası) səkkizinci komissiyasının məhkəmə üzvü vəzifəsinə düzəlib:
“O, Borçalı sahəsində işləyirdi, burada kəndlilərin xəzinə və mülkədarlarla əlaqəsini öyrənmək imkanı qazanmışdı…. Həsən bəy həmişə kəndlilərin tərəfini saxlayırdı. Yazılan əmri kor-koranə yerinə yetirmək əvəzinə, rəislərin tam ziddinə olaraq öz fikrini yazıb bildirirdi. O, belə işlərə görə ciddi töhmətlər alırdı. Lakin gördüyü iş öz səmərəsini verirdi: kəndlilər artıq öz hüquqlarını başa düşür və özləri bu hüququ əldə etməyə çalışırdılar. Mejovoy palatanın rəisi S. Həsən bəyin xətrini çox istəsə də, bir gün ona ultimatum verdi: “Ya rəisləri öyrətməkdən və kəndliləri korlamaqdan əl çəkmək və ya qulluqdan çıxmaq”. Həsən bəy özü də bu cür qulluq etməyin mümkün olmadığını başa düşürdü. O deyirdi: “Məndən məmur olmaz”.
Qeyd edək ki, 1861-ci ildə Zaqafqaziyada yaradılmış Mejovaya palatası torpaq mülkiyyəti sahəsində yaranan mübahisəli məsələlərlə bağlı ikinci və yekun instansiya idi. İlk instansiyalar isə mejovoy komissiyaları idi.
Hənifə xanım Həsən bəy Zərdabi ilə evliliyini isə belə xatırlayır:
“1872-ci ildə Tiflisdə müqəddəs Nina məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunmuşdu. Məktəbi bitirən qızlar içərisində Ter vilayəti Nalçik şəhərindən olan Hənifə xanım Abayevanın da adı var idi. Həsən bəy müsəlmanlar içərisində yeni ailə qurmaq arzu etdiyindən, çoxdan bəri ziyalı bir qadın tapıb evlənmək fikrində idi. O, siyahını görüncə təhsilli müsəlman qızı ilə tanış olmaq üçün dərhal Tiflisə getdi. Həsən bəy Abayeva ilə tanış olarkən, onunla həmfikir oduqları anlaşıldı. Onlar evlənmək və bir yerdə işləmək qərarına gəldilər”.
Müəllifi Cəmil Həsənli olan “Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov” (Bakı-2013) kitabında Həsən bəylə Hənifə xanımın tanışlığı barədə yazılıb:
“Həsən bəy özü də Pəri xanımın anası, gələcək həyat yoldaşı Hənifə xanımla Tiflisdə tanış olmuş və Hənifə xanım 1872-ci ildə Tiflis Müqəddəs Nina qız məktəbini bitirən kimi onunla ailə həyatı qurmuşdu. Qəribə də olsa, Azərbaycanda bir çox yeniliklərin bunövrəsini qoyan Həsən bəy XIX əsrin ortalarında ailə həyatını mətbuat vasitəsilə quran ilk azərbaycanlı idi. Belə ki, “Qafqaz” qəzeti 1872-ci il sayında Tiflis Gimnaziyasını bitirən qızların siyahısını vermişdi. Bu siyahını oxuyan Həsən bəy Tiflisə getmiş və həmin siyahıda adı keçən tənha müsəlman qızı, balkar türklərindən olan Hənifə xanım Abayeva ilə tanış olmuş, Hənifə xanımın razılığını alan kimi gimnaziyaya “bir molla dəvət edərək məktəbdə nikah əqd etdirmişdi”.
Qeyd edək ki, H.Zərdabinin böyük qızı Pəri xanım Zərdabi Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. Pəri xanım Tiflisdə təhsilini başa vurandan sonra Ə.Topçubaşovla ailə həyatı qurub.
“Qafqaz” qəzetinin 1872-ci ildə işıq üzü görmüş və Hənifə xanım Abayevanın adının olduğu sayı 28 may tarixinə aiddir. Nəşrin həmin nömrəsi Gürcüstan Milli Parlament Kitabxanasının qəzetlər arxivində saxlanılır.
Qəzetdə yazılıb ki, mayın 5-də Tiflisin müqəddəs Nina qızlar məktəbində təhsil almış 24 nəfərin təntənəli buraxılış mərasimi baş tutub. Pedaqoji şuranın qərarı ilə təhsili ən yaxşı göstəricilərlə başa vurmuş məzunlara attestatlar, digərlərinə isə şəhadətnamələr təqdim olunub. Hənifə Abayevanın ad-soyadı VI sinfi bitirənlərin siyahısında yer alıb.