Azərbaycanın ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”inin əksər karikaturalarının müəllifi, rəssam Oskar Şmerlinqin (1863-1938) ötən gün anadan olmasından 161 il ötüb. O, jurnalın baş qəhrəmanı – Molla Nəsrəddinin bədii obrazının da müəllifidir.
Özünü “alman əsilli gürcü rəssam” adlandıran O. Şmerlinq Tiflisdə çap olunan azərbaycandilli həftəlik “Yeni fikir” qəzeti ilə də əməkdaşlıq edib. Bəzi mənbələrə əsasən, o, müəyyən müddət Xankəndində yaşayıb və Şuşada təşkil olunmuş teatr tamaşalarına dekorasiyalar verib.
O.Şmerlinq Azərbaycanın ilk rəssamlarının peşəkarlaşmasında da rol oynayıb. Belə ki, o, realist rəssamlığımızın banisi Bəhruz Kəngərlinin müəllimlərindən biri olub, Qafqazın və Azərbaycanın ilk peşəkar qadın rəssamlarından olan Qeysər Kaşıyevanın istedadının inkişaf etdirilməsinə dəstək göstərib. Məhz o, dostu, məşhur rəssam Rixard-Karl Zommerdən xanım rəssamın peşəkarlığının artırılmasına kömək etməyi xahiş edib.
“Molla Nəsrəddin” dərgisinin təsisçisi və redaktoru, Azərbaycanın böyük yazıçısı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşiri xatirələrində O.Şmerlinqlə bağlı yazır:
“Mövzuları müəyyən etdikdən sonra Mirzə Cəlil rəssamlar Şmerlinq və Rotterlə görüşür, şəkillərin necə çəkiləcəyini onlara izah edirdi. Rotter rus dilində güclə danışırdı. Cəlil şəkillərin tiplərini, ümumi tanışlarını, 6-cı sahədə məskunlaşan tipik iranlıları və müsəlmanları göstərərək əl hərəkətləri və mimika ilə rəssamı başa salmağa çalışırdı.
“Molla Nəsrəddin”in birinci və daimi rəssamı Oskar İvanoviç Şmerlinq idi. Rotteri də Cəlilə o məsləhət görmüşdü, çünki işi təkbaşına çatdırmır, rəsmləri vaxtında çəkib qurtara bilmirdi.
Mirzə Cəlil Şmerlinqi çox istəyirdi. Jurnalın uğurunun bir qismini onun adına çıxırdı. Mirzə Cəlil Şmerlinqin onun fikirlərini dərhal tutmasına və gözəl karikaturalar çəkməsinə heyran idi. Şmerlinq bu karikaturalarla bir çoxlarında gülüş doğurur, bəzilərini isə özlərinə baxıb gülməyə məcbur edirdi. Mirzə Cəlil Şmerlinqə dərin minnətdarlıq hissi ilə yanaşır, ona nəsə bir yaxşılıq etmək istəyirdi. Ancaq heç nə edə bilmədi, buna imkanı və vaxtı çatmadı. Mirzə Cəlil ömrünün sonuna kimi Şmerlinqlə məktublaşdı”.
O.Şmerlinqin 1928-ci ilin sentyabrında Gürcüstan SSR-in Mərkəzi İcraiyyə Komitəsinə ünvanladığı, ahıl yaşına və sağlamlıq durumuna görə təqaüdün təyin olunması ilə bağlı müraciətindən məlum olur ki, rəssam Gəncədə də fəaliyyət göstərib. 65 yaşlı karikaturaçı bu barədə yazır:
“Azərbaycanda sovet hakimiyyətinin möhkəmlənməsindən sonra 1920-ci ildən 1921-ci ilin iyulunadək Gəncənin Xalq Təhsili Komitəsində İncəsənət şöbəsinə rəhbərlik etmişəm və yerli KavRostda rəssam-təşviqatçı kimi çalışmışam….
Gürcüstanda menşevik hakimiyyətinin qurulmasından sonra Azərbaycana təxliyə olundum və burada 1 ½ il ərzində Gəncə hökumətində Litoqrafiya bölməsini idarə etdim”.
O.Şmerlinq məktubunun sonunda qeyd edib ki, jurnal və pedaqoji sahədə 40 il fəaliyyət göstərib, bunun da 27 ilini Gürcüstanda jurnal-qəzet işində rəssam-karikaturaçı kimi çalışıb.
Qeyd edək ki, məktub O.Şmerlinqin 2019-cu ildə yaradılmış rəqəmsal arxivində yerləşdirilib. Sənəd Gürcüstanın Milli Arxivindən əldə olunub.
Tbilisidə O.Şmerlinqin xatirəsi əbədiləşdirilib. Zubalaşvili qardaşları küçəsində onun yaşadığı binanın fasadına rəssamın xatirə lövhəsi vurulub. Lövhədə yazılıb ki, bu evdə məşhur rəssam Oskar İvanoviç Şmerlinq və Gürcüstan incəsənətinin görkəmli tədqiqatçısı Rene Oskarovna Şmerlinq (O.Şmerlinqin qızıdır) yaşayıb.