1934-cü ilin mayın 30-dan iyunun 2-dək Tiflisdə Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadası keçirilib. 90 il öncə baş tutmuş genişmiqyaslı musiqili festival bölgənin mədəni həyatında tarixi hadisə olub.
Olimpiada iştirakçılarının ümumi sayı 2 min nəfərə yaxın olub, onlar Zaqafqaziyada yaşayan 17 millətin nümayəndələrini və 164 kollektivi təmsil edirdilər. Azərbaycan musiqili bayrama 8 kollektivlə qatılıb, bundan başqa, respublikanın 10 ən yaxşı özfəaliyyət kollektivi də festivalda məharətlərini nümayiş etdirib.
Azərbaycanı təmsil edən 300 iştirakçı arasında mədəniyyətimizin görkəmli nümayəndələri – Bülbül, Cabbar Qaryağdıoğlu, Şövkət Məmmədova, Qurban Pirimov, Seyid Şuşinksi və Həqiqət Rzayeva da olub. Onlar Olimpiadanın fəxri fərmanına layiq görülüblər. C.Qaryağdıoğlu fəxri fərmanla yanaşı, olimpiadanın birinci mükafatına da layiq görülüb.
Olimpiada çərçivəsində sərgilər də təşkil olunub. Azərbaycanı sərgidə Əzim Əzimzadə təmsil edib.
Gürcüstan Milli Parlament Kitabxanasının arxivində Olimpiadanın Azərbaycandan olan iştirakçılarının foroşəkilləri qorunub saxlanılır.
Aziz.ge həmin arxiv fotoşəkillərin bir qismini təqdim edir.