Tbilisinin Krtsanisi rayonunda, Hamamlar məhəlləsində ən qədim küçələrdən biri indiki İoseb Qrişaşvili küçəsidir. Küçə məşhur gürcü şairin şərəfinə 1948-ci ildə adlandırılıb.
Tarixən bu küçənin böyük önəmi olub və əhəmiyyətinə görə Romanın məşhur Via Appia yolu ilə müqayisə edilib. Küçənin adı 1948-ci ilədək bir neçə dəfə dəyişdirilib, ilk adı Gəncə yolu olub. Belə ki, bu yol Gəncədən gəlirdi və qərblə şərqi birləşdirən yeganə yol idi. Ticarət karvanları bu yoldan əsas yol kimi istifadə edirdi. Ticarət yolu üzərində yerləşən darvazalardan biri Gəncə qapısı (gürcücə Qanciskari) adlanıb. Tarixi mənbələrə əsasən, bu darvaza indiki Botanika bağının girişində yerləşib, Qapılar qapısı, Xəzinə qapısı da adlandırılıb.
1929-cu ildə rus dilində nəşr olunmuş “Qədim Tiflis müasirlərinin məlumatlarında” adlı kitabda Gəncə qapısı, bu şəhərdən gətirilən mallar və onlara tətbiq olunan rüsumlarla bağlı məlumatlar yer alıb. “Şəhər mouravının (qradonaçalnik, şəhər rəisi) razılığı 1783-1790-cı illər” başlıqlı hissədə yazılıb:
“Hamam, Gəncə və digər darvazalardan hər tüməndən (rus pulu ilə 10 rubl) beş şaur (rus pulu ilə 5 qəpik) miqdarında rüsum alınmalıdır. Bu məbləğdən 4 şauru hökmdar (çar) üçün, biri isə mourav üçün nəzərdə tutulub.
Şəhərə daxil olan qızılbalığın qədərindən asılı olmayaraq, hər yükdən mourav orta qızılbalığın ½ hissəsini əldə edir. Bu, Gəncədən gətirilən qızılbalığına aiddir.
Gəncədən gətirilən üzümün hər yükündən mouravın xeyrinə hər yükdən ½ litri götürülür.
Gəncədən gətirilən qurudulmuş balığa görə hər arabadan 3 şaur çıxılır və ən yaxşı balıq götürülür”.
Gəncə darvazası Tiflisin 1735-ci il xəritəsində göstərilib.
Tiflisin 1867-ci il planında Aşağı gömrük küçəsi kimi qeyd olunub, həmin dövrdə küçənin aşağı hissəsində gömrük məntəqəsi olub.
Şəhərin 1887-ci ilə aid planında isə küçəyə Köhnə gömrük, yuxarı hissəsindəki küçəyə isə Yuxarı gömrük küçəsi adı altında rast gəlinir.
Küçəyə 1903-cü ildə isə vaxtilə burada yerləşdiyi bildirilən Surb-Sarkis erməni məbədinin adı verilib. 1925-ci ildən Tiflisdə doğulmuş dövlət xadimi, inqilabçı, kommunist Əli Tağızadənin (1883-1966) adını daşıyıb. Daha sonra isə Bolnisi adlandırılıb.
Hazırda küçədə əsasən XIX əsrə aid iki-üç mərtəbəli binalar yerləşir, yeni tikililər də var. Nəriman Nərimanovun xatirə muzeyi də bu küçədədir.