Tiflis qəzeti “Əkinçi”nin nəşrindən 5 ay öncə: Müsəlman Şərqi irəliyə böyük addım atır!

İyulun 22-də görkəmli mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycanın ilk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin nəşrə başlamasından (22.07.1875) 149 il ötəcək.

Aziz.ge bu əlamətdar tarix öncəsi “Əkinçi” və onun naşiri, redaktoru H.Zərdabi haqqında qəzetin nəşr olunduğu dövrdə Tiflisdə işıq üzü görən mətbuat orqanlarında yer alan məqalələri təqdim edəcək.

Araşdırma ilə məlum olur ki, “Əkinçi” barədə elan xarakterli və nəşrin əhəmiyyəti haqqında ilk məqalə qəzetin işıq üzü görməsindən 5 ay öncə – 21 fevral 1875-ci il tarixində rusdilli “Qafqaz” qəzetində dərc edilib.

“Qafqaz salnaməsi” başlıqlı məqalə bu cümlələrlə başlayır:

“Cari ildə Bakı şəhərində tatar dilinin Azərbaycan ləhcəsində “Əkinçi” qəzeti işıq üzü görəcək.
Müsəlman Şərqi irəliyə böyük addım atır! Məlumdur ki, “qızılgüllər ölkəsində” – mübarək Farsda bir qəzet ­– “İran” dərc olunur. Bu qəzet rəsmi xarakter daşıyır.
Və budur, keçmiş Bakı xanlığı mühitində xüsusi qəzet meydana çıxır. “Əkinçi”nin redaktoru, cənab Həsən bəy Məlikov çapı yerli əhalinin anlaya biləcəyi şrift əldə etmək üçün ötən ilin yayında Konstantinopola (indiki İstanbulun keçmiş adı) gedib”.

Həsən bəy Zərdabi

Növbəti abzasda şriftlə bağlı belə bir izah verilib:

“Müsəlman Şərqi çox az oxuyur, əsasən də ali dini şəxslərin yerlərdə tətbiq etdiyi şriftlə. Farsda, məsələn, tipoqrafiya yoxdur. İslam dahi Qutenberqi (alman mətbəəçisi İohan Qutenberq, ilk mətbəni yaradan) tanımır. İki yüz il öncə nəyinsə çapı Şərqdə iflic edilib. Bu cür qadağaya motiv belə bir inam səbəb olub ki, xəttin gözəlliyi korlanır və kafirlərin taxta və qurğuşun hərfləri ilə qiymətdən düşür. Mübarək Farsın qəzeti – “İran” çap olunmur, daşla basılır”.

Məqalədə həmin dövrün fars ədəbiyyatından da söz açılır və nümunələr gətirilir.

Daha sonra yazılıb:

“Çalışqan müsəlman redaktor bir sıra əsrlər ərzində kütlə üzərindəki mövhumatlarla mübarizəyə atılır və Həsən bəy nəsə etməyə nail olmasa, istənilən halda qədimiliyin nüfuzu, yəni toxunulmazlığı şərti olacaq, hazırda müsəlman mətbuatının əhəmiyyətli dərəcədə yayıldığı Türkiyədə gördüyümüz kimi. Məlumdur ki, türk qəzetlərində hətta təxəllüslərin arxasında qorxaqcasına gizlənən, lakin özlərinin hərəmxanadan azadlıqları uğrunda cəsarətlə mübarizə aparan türk qadınlarının məqalələri də çıxır”.

Məqalənin son abzaslarında cəmiyyətə xidmətin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə əmək sərf edənlərin unudulmayacağı bildirilib:

“Kütlənin insani mənafeyinə xidmət etmək hər birimiz üçün vacib deyil – bu, mənəvi borcdur… İnsan sözü yer üzündə yaşadıqca, bəşəriyyətin tərəqqi tarixi bu zəhmətkeşlərin adlarını unutmayacaq, çünki əmək və enerji hər bir düşünən varlığın ayrılmaz hissəsidir.

Mənəviyyat üçün deyil, sadə xatırlatma üçün bu sətirləri çap edirik: həyatımız çox qısadır, buna görə də işlə tələsmək lazımdır: yaxınlar, özün, indiki zaman və gələcək üçün.

Rus xalq şairi Aleksey Vasilyeviç Koltsov gələcəyi görərək deyirdi:

Жизнь есть тайна Бога,
Бог есть тайна жизни.
Целая природа –
В душе человека!”.

(Dünya Allahın sirridir.

Allah dünyanın sirridir.

Bütün təbiət

Bir insanın ruhunda!)

Məqaləyə verilən qeyddə “Əkinçi”nin bölmələri haqqında məlumat verilib və bildirilib ki, qəzet iki həftədə bir dəfə bir çap vərəqi həcmində çıxacaq və Məlikovun Bakı şəhərində açılacaq tipoqrafiyasında çap olunacaq. Abunə qiyməti çatdırılma və göndərilmə ilə birgə ildə iki rubl təşkil edəcək. 

“Qafqaz salnaməsi” məqaləsi müəllifsiz təqdim olunub. 1987-ci ildə Tbilisidə nəşr olunmuş və müəllifi Adil Mişiyev olan “Azərbaycan yazıçıları və Tiflis ədəbi-bədii mühiti (1820-1905)” kitabında müəllifin Mirzə Fətəli Axundovun olduğu ehtimal olunur.

Mirzə Fətəli Axundov

Ehtimalı qüvvətləndirən odur ki, görkəmli ədib “Qafqaz” qəzeti ilə sıx əməkdaşlıq edib, öz əsərləri ilə yanaşı Azərbaycan ədəbiyyatından tərcümələri də məhz bu qəzetin səhifələrində çıxıb. Kitabda həmçinin vurğulanıb ki, “Əkinçi”nin nəşri Axundovun uğrunda mübarizə apardığı ideyalardan birinin həyata keçməsi demək idi və heç şübhəsiz o, xalqın mədəni həyatındakı həmin yeniliyə laqeyd qala bilməzdi.