Gürcüstanlı aşıqlar və idmançılar Azərbaycanda Milli Yaylaq Festivalında

Azərbaycanın Göygöl rayonunda, Xan yaylağında ötən gündən keçirilən III Milli Yaylaq Festivalına Gürcüstandan olan soydaşlarımız da qatılıb.

Aziz.ge xəbər verir ki, Gürcüstanı tədbirdə aşıqlar – Nargilə MehtiyevaƏfqan Şamilov təmsil edir. Bununla yanaşı, tədbirin idman proqramında Gürcüstandan olan gənc güləşçilərimiz – Nizami QasımovHüseyn Mansurov çıxış ediblər.

N.Mehtiyeva tədbir haqqında təəssüratlarını Aziz.ge ilə bölüşüb.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı Özbəkistan, Türkiyə, Qazaxıstan, Tatarıstan və digər ölkələrdən iştirakçıların qatıldığı şənlik miqyası ilə heyran edir:

“Genişmiqyaslı tədbirin proqramı çox zəngindir və türk dünyasının mədəniyyəti hərtərəfli təqdim olunub. Festivalın hər guşəsində türk mədəniyyəti nümunələrini böyük zövqlə müşahidə edirik. Tədbir məkanında yaradılmış Borçalı guşəsini görmək xüsusilə qürurverici oldu. Gürcüstan azərbaycanlılarının mədəniyyətinə və irsinə göstərilən diqqətdən çox razıyıq.  Bizə olan diqqəti duymaq bizim üçün böyük önəm kəsb edir. Gürcüstandakı mədəniyyətimizi böyük qürur hissi ilə təmsil edirik”.

Qeyd edək ki, III Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl Rayon İcra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilir.

Tədbirə iyulun 7-də yekun vurulacaq.