“Şuşanın həqiqi sərvəti nə zirzəmilərində qıfıllanıb, nə də bazarlarının dükanlarındadır, o, sizə pulsuz təqdim olunur, o, xəstə qəlbinizi sağaldır, yorğun başınızı təravətləndirir; bu sərvət mülayim-soyuq iqliminin sərin və təmiz havasıdır!”.
Azərbaycanın qədim şəhəri olan Şuşanın havası haqqında bu sözlər vaxtilə Tiflisdə nəşr olunan rusdilli “Qafqaz” qəzetinin 1857-ci il 21 iyul tarixli sayında yer alan məqalədəndir. “Şamaxıdan məktublar” sərlövhəli məqalənin Şuşaya həsr olunan II hissəsində İ.Sl. adlı müəllif oxucularını Şuşaya dəvət edir.
“Orada necə də rahat, xoş nəfəs alınır, bəzi qaranlıq, yağışlı günlərdə (mayın ilk günlərində) siz eqoistik zövqlə ocaq ətrafında isinməyə əyləşirsiz və fikirləşirsiz ki, elə bu vaxt Zaqafqaziya əhalisinin təqribən yarısı bürküdən haldan düşür! Tozlu Tiflis yayı sizi üzəndə, məsafədən qorxmayın, Şuşaya gəlin! O, sizi yalnız müalicəvi havasına qonaq etməyəcək, siz orada həmçnin ən səmimi, ən zadəgan qonaqpərvərliklə qarşılaşacaqsınız və maraqlı cəmiyyət, bəylərlə tanış olacaqsınız”.
Məqalədə Şuşa xalçaları və cicimlərinin gözəlliyindən də söz açılıb:
“Şuşada siz gözəl yerli xalçalar tapa bilərsiniz. Naxışları, rəngləri və davamlılığı ilə onlar, nəzərimcə, fars xalçalarından heç də geri qalmır, sakinlərin sözlərinə görə isə Xorasan xalçalarından daha gözəldir. Siz onları Tiflis karvansaralarında görə bilərsiniz, xalçalar orada satılır, mənşəyi izah olunmur, fars xalçaları adlandırılır. Burada cicim – ədyal, döşək və çul üçün istifadə olunan ensiz və sıx ipək parça da çox yaxşıdır. Mərd çaparların məmləkəti olan Qarabağ yəhərlər üçün qayış işləmələri ilə də şöhrət qazanıb. Həmin qayışlar ipəklə olduqca gözəl naxışlarla, qızıl və gümüşlə tikilir və buradakı kəhər atlara çox yaraşır”.
Aziz.ge