Əl-ələ veribdir Bakı-Batumi – Gürcü şairin şeiri

Gürcüstanın şair və nasiri Fridon Xalvaşi (1925-2010) Acarıstanda anadan olub. Onun yaradıcılığında Gürcüstanın bu bölgəsinə məhəbbət, yer üzündə sülhün, əmin-amanlığın tərənnümü əsas yer tutub. O, həmçinin Gürcüstan parlamentinin deputatı olub, Batumidə prospektlərdən biri onun adını daşıyır.

Şair “Bakı-Batumi” adlı şeirində iki şəhəri birləşdirən neft kəmərinin önəmini vurğulayıb, onu Azərbaycanla Gürcüstan arasında “qan damarı”na bənzədib. Poeziya nümunəsi “Bir sinədə iki ürək” (Bakı-1981) kitabında yer alıb, dilimizə tərcümə edəni Əliağa Kürçaylıdır.

Həmin şeiri təqdim edirik.

Əl-ələ veribdir Bakı-Batumi,

Gürcüstan əl verib Azərbaycana,

Damarlardan axan isti qan kimi

O, neft kəməridir gəlir bu yana.

Odur qəlbimizin odu, atəşi,

Ona qara qızıl deyirlər sizdə,

Xəzər sahilində doğan günəşi

Ovcuma alıram Qara dənizdə,

***

Bax bu qoca Qafqaz durur pürvüqar,

Zəncirdən qurtarmış bahadır kimi.

Onda Amirani hərarəti var,

Bu oddan yaranıb Bakı-Batumi.

Axdıqca qızılı mavi Xəzərin

Sevinir, əl edir Bakı-Batumi.

Ölkəyə paylayır onu şəhərim

Sönməz Amirani atəşi kimi.

***

Damarlarda axan isti qan kimi

O, neft kəməridir gəlir bu yana.

Əl-ələ veribdir Bakı-Batumi

Gürcüstan əl verib Azərbaycana.