Gürcüstanın Xalq artisti, gürcü müğənni Vano Saracaşvili onun sənətinə yüksək dəyər verirdi. Tenor “Karmen” tamaşasından sonra jesti ilə onun istedadına yüksək qiyməti ifadə etmişdi.
Söhbət Azərbaycanın Xalq artisti, səhnə fəaliyyətinin 20 ilini Tbilisidə keçirmiş və Gürcüstanın ilk azərbaycanlı əməkdar artisti olmuş Fatma Muxtarovadan (1893-1972) gedir.
F.Muxtarova Tbilisi Opera və Balet Teatrının aparıcı solistlərindən, Tbilisi səhnəsinin ilk “Karmen”lərindən biri olub. Onun “Karmen”də tərəf müqabili Xosenin rolunda çıxış edən V.Saracişvili olub. Fatma xanım xatirələrində yazırdı ki, “Karmen”də belə Xose olmayıb və olmayacaq.
“Veçerni Tbilisi” qəzetinin 1963-cü il 30 noyabr tarixli nömrəsində “Muzeyə hədiyyə” başlıqlı məqalədən:
“Birinci hissədən sonra Xosenin partiyasını ifa edən Vano Saracaşvili teatrın bağçasına düşür və müğənni üçün böyük gül dəstəsi toplayır. Bu, böyük aktrisanın istedadına qiymət idi”.
Məqalədə deyilir ki, 1962-ci ildə Tbilisi teatrının truppası Bakıda qastrolda olub:
“Qastrolun ilk günündə təqdim olunan “Abesalom və Eteri” tamaşasının izləyiciləri arasında Azərbaycanın görkəmli incəsənət xadimləri də olub. Fəxri qonaqlar arasında vaxtilə populyar opera müğənnisi olmuş Fatma Muxtarova yox idi. O, Paliaşvilinin məftunedici musiqisi səslənərkən evində idi və tamaşaya radioda qulaq asırdı. Gözləri önündə Tbilisi ilə bağlı uzaq xatirələri canlanırdı”.
Məqalənin müəllifi Tbilisi Opera və Balet Teatrının muzeyinin direktoru N.Mesxi qeyd edib ki, truppanın üzvləri F.Muxtarovanın evində olub. O, qonaqlarına Tbilisidə keçirdiyi unudulmaz günlərdən, tələbkar tbilisili tamaşaçıların onun istedadına həssas münasibətindən söz açıb və tanıdığı bir sıra gürcü müğənniləri xəbər alıb.
Vidalaşma zamanı F.Muxtarova muzeyə onun “Karmen” və “Samson və Dalila” opearalarındakı obrazlarında çəkilmiş bir neçə nadir fotoşəklini təqdim edərək deyir:
“Bu şəkilləri teatrınızın muzeyinə Gürcüstana sevgi, gürcü tamaşaçasına minnətdarlıq əlaməti olaraq hədiyyə edirəm”.
Azərbaycanlı ifaçının Tbilisi Opera və Balet Teatrının muzeyinə hədiyyə etdiyi fotoşəkillərin yalnız ikisi günümüzə qədər gəlib çıxıb. Belə ki, 1973-cü ildə teatr binasında baş vermiş dağıdıcı yanğın nəticəsində kostyumlar, rekvizitlər, teatr pərdəsi və arxiv materiaların böyük hissəsi külə dönüb. Tikiliyə yalnız 1978-ci ildə memarların sayəsində ilkin siması qaytarılıb.
Oddan-alovdan “sağ çıxan” iki fotoşəkildə F.Muxtarova “Karmen” obrazında təsvir olunub. Tbilisi Opera və Balet Teatrının muzeyinin fondunda qorunub saxlanılan həmin fotomaterialları təqdim edirik.
Aziz.ge