Nigar Rəfibəylinin Akaki Tseretelidən tərcüməsi – “Xəncər” şeiri

Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin (1913-1981) tərcümələri arasında böyük gürcü şairi, mütəfəkkiri və maarifçisi Akaki Tseretelinin (1840-1915) də şeirləri var. O, A.Tseretelinin “Xəncər” və “Xəstə şairə” adlı şeirlərini dilimizə tərcümə edib. Şair gürcü xalqını mübarizliyə çağıran “Xəncər” şeirini 1882-ci ildə qələmə alıb və müəllifin ən tanınmış şeirlərindən biridir. Bu poeziya nümunəsi A.Tsereletini Gürcüstanla yanaşı Avropada da məşhur edib.

“Xəncər” şeirini təqdim edirik.

Xorasan dəmiri, xəncərim, səni

Sevirəm ta əzəl gündən bəri mən.

Bir sənsən ümidim, pənahım mənim.

Sənsən qoruyanım azğın düşməndən.

***

İtilərəm səni, kəskin xəncərim,

Silib ürəyindən pası, ləkəni;

Bir arxa, bir qardaş görmək istərəm,

Əzilən insana dünyada səni.

***

Sən bir neştərsən ki, əziz xəncərim,

İtidir, hər iki üzün də yaman.

Sənin sahibinin qəlbi poladdır,

Dəmirtək bir əldir bu səni tutan.

***

O səni yaradıb bərkidənlərə,

Mənim ürəyimdə çox ehtiram var.

Onunçun sevdim ki, səni, xəncərim,

Düşmən anasını qoyursan ağlar.

***

Düşmənin qəlbinə elçi ol, xəncər,

Mənim salamımı sən ona yetir.

Qoy mürəkkəbqabı olsun ürəyi,

Sənsə qələm kimi bu ürəyə gir.

***

İtilərəm səni, dəmir xəncərim,

Ey polad xəncərim, itilərəm, bil,

Çıx qınından, yetər, çıx ki, bu zaman

Qında yatmaq sənə yaraşan deyil.