Bu gün görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Ocaqovun (1933-2006) vəfatından 18 il ötür.
Aziz.ge kinorejissorun anım günündə onun 1977-ci ildə lentə aldığı “Ad günü” filmində Əli rolunda çəkilmiş Gürcüstanın Əməkdar artisti Davit Uplisaşvilinin 2018-ci ildə verdiyi müsahibəsindən* bir hissəni təqdim edir.
Rustaveli teatrının aparıcı aktyorunun sözlərinə görə, filmdə azərbaycanlının obrazını yaratmaq onun üçün heç bir çətinlik yaratmayıb:
“Əli obrazının uğurlu alınmasında mərhum kinorejissor Rasim Ocaqovun böyük rolu oldu. Əziz insan kimi onu hər zaman yad edirəm. O, mənə Əlinin xarakterini yaratmağa çox kömək etdi”.
D.Uplisaşvili xatırlayıb ki, filmdə Əlinin digər əsas qəhrəmanı Mustafa (Azərbaycanın Xalq artisti Hacı İsmayılov) ilə ilk görüş səhnəsi lentə alınanda bir binadakı mənzilə daxil olurlar:
“Mən qrimdə idim. Mənzildə yaşayan şəxs mənimlə Azərbaycan dilində danışmağa başladı. Ona mənim gürcü olduğumu dedilər. O isə cavabında “Necə yəni gürcü? O, əsl azərbaycanlıdır!” deyə reaksiya verdi”.
Aktyor deyib ki, Əlinin balıq axtardığı bazar səhnəsi lentə alınarkən çəkiliş gizli aparılırdı və satıcılar onun azərbaycanlı olduğumu zənn edib, onunla Azərbaycan dilində danışırdılar.
D.Uplisaşvili “Ad günü” filminin bu günə qədər sevilməsinin sirrini ekran əsərinin sadə insanların həyatından bəhs etməsi və müasir dövrümüzdə də Əli kimi insanların çox olması ilə izah edib. Aktyorun sözlərinə görə, filmin əsas mövzusu, orada baş verən hadisələr, insanlar arasındakı münasibətlər bu gün də aktualdır.
“Əli” filmin çəkilişləri ilə bağlı yadında qalan maraqlı xatirələrini də bölüşüb. Xatirələrin çox olduğunu vurğulayan aktyor filmin qarmon çaldığı son epizodunu yadına salıb: “Yadımdadır ki, filmin son epizodu çəkilərkən Əli qarmon çalmalı idi. Mən də qarmon çalmağı bacarmırdım. Rasim Ocaqov Azərbaycanın tanınmış qarmon ifaçısını dəvət etdi. Onun adı təəssüf ki, yadımda qalmayıb. O, mənə 2-3 dəfə qarmonda ifa etməyi göstərdi. Mən onu diqqətlə müşahidə etdim. Çəkiliş meydançasında qarmonu mənə verdilər və üç dubla həmin epizod uğurla çəkildi”.
D.Uplisaşvilinin sözlərinə görə, Rasim Ocaqov çəkiliş meydançasında elə mühit yaratmışdı ki, bütün komanda bir ailə kimi idi, bütün yaradıcı heyət arasında çox mehriban və dost münasibətləri var idi. “Gürcü olduğuma görə mənə heç bir fərq qoyulmurdu”, – aktyor əlavə edib.
Aktyor “Ad günü” filminin həyatında nəyi dəyişməsi ilə bağlı sualı belə cavablandırıb:
“Əli obrazına görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşəm və buna görə çox minnətdaram. Ən əsası isə Bakıda yaxşı dostlar qazandım. Bakını öz doğma şəhərim kimi çox sevirəm”.
____________
* Müsahibə 2018-ci ildə Report informasiya agentliyinin saytında dərc olunub. Müəllifi Cəmilə Babayevadır.