Bakı neftinin hesabına zənginləşən Zubalaşvililər, Bibiheybətdəki quyulara tökülən “müqəddəs su”

Konstantine Zubalaşvili (1829-1901) və oğulları Gürcüstan tarixinə xeyriyyəçilik fəaliyyəti ilə düşüb. Onların mənsub olduğu sülalənin mesenantlığı bir sıra sahələri əhatə edib. Bu sülalə haqqında deyirlər ki, xeyriyyəçilik onların qanında olub.

Konstantine Zubalaşvili

Gürcü yazıçı və ictimai xadim Niko Nikoladze Zubalaşvililər haqqında demişdir:

“Gürcüstanda zəngin insanlar çoxdur, amma Zubalaşvililər kimi filantroplar yoxdur”.

Çoxuna məlum deyil ki, K.Zubalaşvilinin ailəsi Bakı neftinin hesabına zənginləşib. Belə ki, o, 1860-cı ildə Bakıda, Bibiheybətdə torpaq sahəsi alıb. Gürcü mənbələrinə əsasən, sahə Rotşildlərdən münasib qiymətə alınıb və ilk illərdə neft aşkarlanmayıb. K.Zubalaşvili böyük maliyyə itkiləri ilə üzləşsə də, neft axtarışlarını dayandırmırdı. Bir gün neft üzə çıxır və Zubalaşvililər zənginləşir. K.Zubalaşvilinin ailəsi bir anda varlanaraq milyonların sahibi olur. Zubalaşvili Bakının tanınmış neft mədənləri sahibinə, ailəsi isə Cənubi Qafqazın ən zəngin ailələrindən birinə çevrilir.

Neftin aşkarlanması ilə bağlı qəribə tarixçə danışılır və bu, “müqəddəs su” ilə əlaqələndirilir. Belə ki, K.Zubalaşvili və həyat yoldaşı Elizabet ənənələrinə uyğun olaraq revmatizmin müalicəsi üçün Fransanın Lurd balneoloji kurortuna gedirdilər.

Onlar kurortdakı suyun möcüzəvi gücünə inanırdılar, çünki su ər-arvadın sağlamlığına müsbət təsir edirdi. Cütlük şəfaverici suyu şüşələrdə Gürcüstana aparırlar və Lurda müalicə üçün gedə bilməyənlərə paylayırlar. Suyun bir hissəsini isə Bakıya aparırlar. Elizabet Bibiheybətdəki hər bir neft quyusuna həmin sudan bir stəkan tökür. Elə həmin günün gecəsi quyulardan neft vurur.

Konstantine və Elizabet Zubalaşvililər

K.Zubalaşvilinin neft mədənlərində çalışan fəhlələrə qayğıkeş münasibətindən də danışılır. Onun muzdlu işçilərə bu münasibəti bir faktla təsdiqlənir. 1905-ci ildə Bakıda bolşeviklərin təşkil etdiyi fəhlələrin ümumi tətilinə K.Zubalaşvilinin Bibiheybətdəki neft mədənlərində çalışanlar qoşulmamışdı. Onların sözlərinə görə, tətilə qoşularaq qayğıkeş işverənə qarşı çıxmaları şərəfsizlik olardı.

Neft mədənləri sahibi Bibiheybətdəki mədənlərini oğulları arasında bərabər bölür və onlar da neft sahibkarlarına çevrilirlər.

Gürcüstanın Milli Parlament Kitabxanasının arxivində K.Zubalaşvilinin Bibiheybətdəki neft mədənlərinin fotoşəkilləri saxlanılır. Fotoların müəllifi tanınmış tiflisli fotoqraf Dmitri Yermakovdur.

K.Zubalaşvilinin dörd – Levan, Stepane, Petre və Yakob adlı dörd oğlu olub. Stepane Zubalaşvili Bakıda 20 il yaşayıb. O, atasının firmasının Bakıdakı işlərini idarə edirdi.

Stepane Zubalaşvili

S.Zubalaşvili qardaşları ilə birgə Gürcülər arasında maarifin yayılması Cəmiyyətinə fəal maliyyə dəstəyi göstərirdi. Buna sübut onun 5 aprel 1904-cü il tarixli Bakıdan Tiflisə “pul bileti” ilə birgə göndərdiyi məktubdur. O, məktubunda bildirib ki, cəmiyyətə maksimum köməklik etmək niyyətindədir. Məktubla yanaşı göndərilən “pul bileti”nin dəyəri 10 min manat təşkil edirdi. 1904-cü ildə 1 manat təqribən 30-40 lariyə bərabər olub.

Zubalaşvili qardaşları Gürcüstanın hüdudlarından kənarda yaşasalar da, vətənlərində mesenantlıq fəaliyyəti ilə məşğul olublar. Onlar təhsil, tibb, mədəniyyət, mətbuat və maarif sahəsinin inkişafına dəstək verməklə yanaşı bir sıra dini məbədlərin inşasını da maliyyələşdiriblər. Zubalaşvililərin xeyriyyəçilik fəaliyyətinin izlərini Tbilisi ilə yanaşı Batumi, Paris, Moskva, Bern və Bari şəhərlərində görmək mümkündür. Onların Bakıda xeyriyyəçilik fəaliyyətinə dair məlumatlara rast gəlinmir.

Gürcüstan arxivlərində K.Zubalovun varislərinin Bakıdakı evinin fotoşəkilləri də saxlanılır. Fotolarda şəhər evinin fasadı, zalı, eyvandan mənzərə və bağçası əks olunub. İkimərtəbəli ev Bakının o zamankı Nikolayevks (indiki İstiqlaliyyət) küçəsində yerləşib. 

1901-ci ildə K.Zubalaşvilinin vəfatından sonra oğulları atalarının xatirəsini əbədiləşdirmək məqsədilə Tiflisdə Zubalov adına Xalq Evinin inşasına böyük məbləğdə vəsait ianə edirlər. Binanın açılışı 24 mart 1909-cu il tarixində baş tutub. Xalq evi Gürcüstanda sovet hakimiyyətinin qurulmasına qədər mövcud olub. Binada Fəhlə klubu yerləşib, 1930-cu ildə isə Kutaisidən Tbilisiyə köçürülən görkəmli gürcü rejissoru Kote Marcanişvilinin yaratdığı teatr fəaliyyətə başlayır. Keçmiş Zubalov adına Xalq Evi hazırda elə K.Marcanişvilinin adını daşıyan Dövlət Akademik Dram Teatrının binasıdır.

Zubalov adına Xalq Evi

Aziz.ge