“Fatma Muxtarovanın yaradıcılığı Tbilisi Opera və Balet Teatrının həyatında ən parlaq səhifələrdən biri olub”.
Bunu Azərbaycanın Xalq artistinin Tbilisidəki 20 illik fəaliyyətini şərh edən musiqişünas Tamar Tsulukidze deyib.
Onun sözlərinə görə, Tbilisi səhnəsi azərbaycanlı ifaçının yaradıcılığında ilk səhnələrdən olub: “O, özü də qeyd edirdi ki, Tbilisidə ilk çıxışlarını edib. Teatrda onun ilk dirijoru İvane Paliaşvili, quruluşçu rejissoru Kote Marcanişvili olub. Fatma xanım bu iki görkəmli yaradıcı insanı böyük minnətdarlıq hissi ilə xatırlayardı”.
Musiqişünasın sözlərinə görə, müğənninin ilk tərəf müqabilləri Vano Saracişvili və Sandro İnaşvili, həmçinin Leonid İsetskiy olub: “Fatma xanım onları böyük məhəbbət və minnətdarlıqla xatırlayırdı. Deyirdi ki, məhz onların sayəsində səhnədə sərbəstlik əldə edib və özünü onların mükəmməl tərəf müqabili kimi hesab edirdi. Qeyd edirdi ki, bu cür münasibəti heç zaman unutmayacaq”.
T.Tsulukidze vurğulayıb ki, F.Muxtarovanın Tbilisidəki çıxışları xüsusi ajiotaj yaradırdı: “O, gözəl səsli cazibədar müğənni və aktrisa olmaqla yanaşı, həm də ekssentrikliyi və qeyri-adiliyi ilə seçilirdi. Tamaşaçı kütləsi ondan qeyri-adiliklər gözləyirdi. O, tamaşaçılara sürprizlər edirdi, səhnədə inanılmaz və gözlənilməyən tərzdə ifa nümayiş etdirirdi. Demək olar ki, Fatma Muxtarovanın səhnəyə çıxması tamaşaçılar tərəfindən intriqa ilə müşayiət olunurdu və buna görə də o, çox sayda tamaşaçı cəlb edirdi”.
Musiqişünas azərbaycanlı ifaçının Tbilisiyə xüsusi sevgisinin səbəbini belə izah edib: “Bəlkə bu, onun səhnəyə ilk çıxışlarının Tbilisidə olması, bəlkə də tbilisili tamaşaçıların ona münasibətindən irəli gəlir. Onun Tbilisiyə xüsusi sevgisinin göstəricisi səhnə fəaliyyəti ilə vida axşamının məhz Tbilisi Opera və Balet Teatrında keçirilməsi olub”.
Qeyd edək ki, Gürcüstan arxivlərində Tbilisi Opera və Balet Teatrının F.Muxtarovanın çıxış etdiyi tamaşaların yer aldığı afişalar saxlanılır. Plakatların 1939-1941-ci ilərə aid olanlarının bir neçəsini təqdim edirik.
Aziz.ge
Həmçinin oxu:
Tbilisi səhnəsinin ilk “Karmen”lərindən biri, Azərbaycanın Xalq artistinin Gürcüstana hədiyyəsi