15 iyul 2024
Aziz.ge Azərbaycan milli mətbuatının ilk təməl daşı olan “Əkinçi” haqqında vaxtilə Tiflis qəzetlərinə dərc olunan materialların daha bir hissəsini təqdim edir.
İlk məqalə “Qafqaz” qəzetinin 6 avqust 1875-ci il tarixli 90-cı sayında yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, redaksiya “Əkinçi”nin ilk sayını əldə edib:
“Biz indicə Bakı şəhərində Azərbaycan ləhcəsində nəşr olunan “Əkinçi” qəzetinin birinci nömrəsini almışıq.
Bizdə tatar dilində qəzetin nəşrini son dərəcə çətin iş adlandırmaq olar, belə ki, Xəzərin o tayında bütün müsəlman Mərkəzi Asiya dünyasında yeganə – Tehranda nəşr edilən “Şahnamə-İran” qəzeti var. Cahil və çox vaxt yarımsavadlı mollalar xalq arasında maarifin yayılmasına qəsdən mane olurlar, buna görə də hər bir tatar qəzetinin redaksiyası ilk növbədə çap sözünün xalq arasında yayılmasına nail olmaq üçün özlərinin “savadlı insanları”ilə mübarizə aparmalı olacaq.
Müsəlmanları ilk öncə bu fikrə alışdırmaq lazımdır ki, qəzet redaktorun şəxsi maraqları naminə deyil, ümumi fayda naminə nəşr olunur; “Əkinçi” redaksiyasının əsasnaməsinin mahiyyəti bundan ibarətdir və biz Rusiyada ilk müsəlman qəzetinin yaranması ilə bağlı sevindirici faktı qarşılayırıq.
Cənab Həsən bəy Məlikova uğurlar arzulayırıq və “Əkinçi”nin daha bir neçə sayını əldə etdikcə qəzetin məzmunu ilə oxucuları tanış etməyi ləngitməyəcəyik”.
Növbəti məqalə “Qafqaz” qəzetinin 14 yanvar 1876-cı il tarixli 6-cı sayına aiddir və “Əkinçi”nin Londonda tanınması haqqındadır:
““Əkinçi” qəzetinin ötən 1875-ci ilin sonuncu 12-ci sayında dərc edilib: “Əkinçi” qəzetinin nəşr olunmasından heç altı ay ötməyib, halbuki o, artıq İngiltərə paytaxtında, London şəhərində tanınır. Oradan redaksiyaya bir kitabın türk dilinə tərcüməsi düzəliş üçün göndərilib. Qəzetə abunə olanların sayı ötən il 600-a çatırdı, cari il üçün hələ 40 nəfər yazılıb”.
Həmçinin oxu:
Tiflis qəzeti “Əkinçi”nin nəşrindən 5 ay öncə: Müsəlman Şərqi irəliyə böyük addım atır!
“Qafqaz”da “Əkinçi” haqqında elanlardan: Əhali xəbərdən heyrətlənib, Tehran qaşqabağını tökür