Batuminin vizit kartı, eşqin hərəkət edən heykəli – “Əli və Nino” abidəsi

Gürcüstanın turizm paytaxtı olan Batumi şəhərinin əsas rəmzlərindən biri “Əli və Nino” abidəsidir. Şəhər bulvarında yerləşən monument Qurban Səidin eyniadlı əsərinin qəhrəmanları – azərbaycanlı gənc Əli və onun sevdiyi gürcü qız Ninonu təcəssüm etdirir.

Aziz.ge oxucularına Batuminin yaraşığı və vizit kartı hesab edilən, Gürcüstan və Azərbaycan xalqları arasında dostluq simvolu adlandırılan “Əli və Nino” abidəsinin tarixçəsi barədə ətraflı məlumat təqdim edir.

Abidə nə zaman açılıb və ilkin adı necə olub?

Təkrarolunmaz heykəltəraşlıq nümunəsi 2010-cu ilin oktyabrın 14-də açılıb. Müəllifi tanınmış gürcü heykəltəraş Tamara Kvesitadzedir. O, monument üzərində iki ilə yaxın işləyib. 2007-ci ildə hazır olan memarlıq əsəri Venesiya və Londonda nümayiş etdirilib. Abidənin hərəkətli olması hamını təəccüb və heyran edib. Müəllifin sözlərinə görə, o, “Əli və Nino” romanını oxuyandan sonra abidəni yaratmağa ilhamlanıb. Abidənin ilkin adı “Kişi və qadın” olub, lakin ucaldılmasından sonra bu ad “Əli və Nino” ilə əvəzlənib.

Tamara Kvesitadze

Müəllif əsərinin ideyasını belə izah edir:

“İnsanlar abidəni sevgi ilə assosiasiya edir və bu, seyrçilərdə müsbət emosiyalar yaradır. Hər kəs bu abidəni bir cür izah edə bilər. Mənim əsərim bunu ifadə edir: birlikdə olmaq yalnız bir müddət mümkündür. Bu qısa müddət kimin üçünsə bir əsr ola bilər”.

Abidənin özəllikləri

Poladdan olan səkkiz metrlik abidənin özəlliyi ondan ibarətdir ki, hər axşam Əli və Ninonun fiqurları hər 10 dəqiqədən bir vəziyyətlərini dəyişərək bir tam olana qədər yavaş-yavaş bir-biri ilə üz-üzə gəlirlər. Bundan sonra əks proses başlayır və sonradan “görüş və ayrılıq” təkrarlanır. Abidənin saat 19:00-dan başlayaraq effektiv işıqlandırılması da ona xüsusi gözəllik verir. Elə bu vaxt abidə ətrafında fiqurların hərəkətini heyranlıqla izləyən turistlərin qələbəliyi yaşanır.

Abidənin yaxınlığında yerləşdirilən lövhədə gürcü, ingilis, rus və türk dillərində bu məlumat yer alıb:

“Eşqin hərəkət edən heykəli “Əli və Nino” 2010-cu ildə quraşdırılıb. Müəlliflər: Tamara Kvesitadze və Paata Sanaya. Fiqurlar bir-birinə doğru yavaşca hərəkət edərək toxunmayaraq birləşirlər. Poladdan hazırlanan konstruksiyanın hündürlüyü 8 metrdir. Kompozisiya Qurban Səidin gürcü knyaz qızı Nino və azərbaycanlı aristokrat Əlinin sevgisini əks etdirir”.

“Əli və Nino”nun köçürülməsi, abidənin zədələnməsi

2015-ci ilin avqustunda sevgi abidəsinin demontaj olunaraq yerinin dəyişdirilməsinə qərar verilir. Batumi meriyası qərarını dəniz suyunun abidənin özülünə ziyan vurması ilə əlaqələndirir. Abidənin uçulub dağılması təhlükəsi olduğundan demontaj prosesi həyata keçirilir və o, dəniz sahilindən 50-60 metr aralı yerə köçürülür. Abidənin zədələnməsi Gürcüstan ictimaiyyətində böyük hiddət doğurur.

Demontaj zamanı fiqurlardan birinin trosu qırılır və abidə zədələnir. Zədələr kiçik olduğundan abidə qısa bir zamanda bərpa olunur. Heykəlin müəllifi Tamara Kvesitadze köçürülmədən xəbərsiz olur və o, bu işin xarici mütəxəssislərə həvalə olunmamasından çox narazı qalır.

“Sevgi abidəsi” heyran etməkdə davam edir

2022-ci ilin fevralında “Əli və Nino” abidəsi yeni işıqlandırma sistemi ilə təchiz edilib, monumentin hərəkət sistemi yenilənib. Abidənin müəllifi Tamara Kvesitadzenin iştirakı ilə həyata keçirilmiş işlər çərçivəsində gecə işıqlandırma sistemi tam dəyişdirilib, rəng effektləri əlavə olunub.

“Əli və Nino” abidəsi yenilənmiş işıqlandırma sistemi ilə Batumi bulvarının ziyarətçilərini valeh etməklə yanaşı bestseller olan romanı oxumağa da həvəsləndirir.

Həmçinin oxu: