“Əsas” və “əsasbaş”  – Tiflisdə kimlərə belə deyilirdi?  

XVIII əsrdə Tiflis şəhərinin dialektində “əsas” və “əsasbaş” sözləri olub. Bu köhnəlmiş sözlərə və onların izahlarına 1929-cu ildə rus dilində nəşr olunmuş “Qədim Tiflis müasirlərinin məlumatlarında” adlı kitabda rast gəlinir.

“Şəhər mouravının (şəhər rəisi) razılığı 1783-1790-cı illər” başlıqlı hissədə yazılıb:

“Əsaslar və əsasbaşlar mouravı müşayiət etməlidirlər və onun sarayında olmalıdırlar, belə ki, əsaslar mouravın yanında yasovul vəzifəsini yerinə yetirirdilər”.

“Əsas” sözünə verilmiş izahdan məlum olur ki, bu, Tiflisdə ən aşağı polis rütbəsi olub. “Əsasbaş” isə “əsas”lara başçılıq edib.

Nəşrdə daha sonra bildirilib ki, əsaslar iki və ya üç nəfər olmaqla mouravı müşayiət etməli idilər, əsaslar oğruları və ictimai asayişi pozanları mouravlara bildirməli, mourav isə onları təqib etməli olurdu.

Bu tarixizmlərə gürcü yazıçı Akaki Beliaşvilinin “Besiki” tarixi romanında da bir neçə dəfə rast gəlinir. Şair və siyasi xadim Besiki Qabaşvilinin həyatına həsr edilmiş əsərdə XVIII əsrdə Gürcüstanda baş verən hadisələrdən bəhs olunur. Romanın “Birinci kitab” adlı hissəsində 1770-ci ildə Tiflisə baharın gəlməsi ilə şəhərin canlanması və şəhərin çar İraklinin ovdan qayıtmasını necə gözlədiyi təsvir olunub.

Həmin əsərdən:

“Şəhər mouravı bütün günü məlik və əsasbaşın müşayiətində şəhərdə gəzirdi və haradasa toz və zibil tapanda əsasları danlayırdı”.  

“Mourav durmağa hazırlaşdı, məlik və əsasbaş ona kömək etməyə atıldılar”.