Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin (1912-2001) yaradıcılığında Gürcüstana həsr etdiyi silsilə şeirləri var. Onlardan biri “Gürcüstan” adlanır. Şairə şeiri 1959-cu ildə Gürcüstanda olarkən qələmə alıb. Həmin poeziya nümunəsini təqdim edirik.
Günbatanda məskən salmış qonşunun biri,
Ürəyimdə yaşar əziz xatirələri.
Uca dağlar dörd yanında çin-çin ucalmış,
Günəş qızıl örpəyini burada salmış.
Mtsırinin döyünmüşdür burda ürəyi,
Burda açmış yer üzünün sevgi çiçəyi.
Meyvələrə məhəbbətin dadını qatmış,
Təbiət ilk gözəlini burda yaratmış.
Burda sevgi dastanları yaşayır pünhan,
Bu torpağın gözəlidir Nestan Darecan.
İnqilabın oğulları doğulmuş burda,
O alovlu ürəklərdir bu doğma yurda
Yana-yana işıq saçan gur məşəl kimi,
Gürcüstanı kim sevməyir bir gözəl kimi.
Həmçinin oxu:
Qəhrəman insanların Vətəni Abxaziya! – Mirvarid Dilbazinin şeiri