AXC qurucularından biri Həsən bəy Ağayevin qətlindən 104 il ötür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, 1918-1920-ci illərdə Azərbaycan Parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayevin (1875-1920) anım günüdür.

Görkəmli ictimai-siyasi xadim 104 il əvvəl – 1920-ci ilin iyulun 19-da axşam, Tiflisin məşhur “Kazyonnı teatr”ın (indiki Tbilisi Opera və Balet Teatrı) yan küçələrinin birində erməni muzdlu qatil tərəfindən öldürülüb.

H.Ağayev Tiflisin o zamankı müsəlman qəbirstanlığı, indiki Botanika bağı ərazisindəki görkəmli azərbaycanlıların panteonunda dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Milli Şurasının 1918- ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Tiflisdə Qafqaz canişininin keçmiş sarayında (indiki Milli Gənclər Sarayı) keçirilmiş iclasda Azərbaycanın müstəqilliyi haqqında qəbul edilmiş İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalayıb. Onun imzaladığı bu bəyannamə dünyanın böyük dövlətlərinin nümayəndəliklərinə, mətbuat orqanlarına, teleqraf agentliklərinə göndərilib.

H.Ağayev öz zamanında görkəmli həkim, müəllim, jurnalist kimi də tanınıb. O, bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra Tiflisə mühacirət etməyə məcbur olmuşdu.