Aziz.ge Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” haqqında vaxtilə Tiflisdə nəşr edilən “Qafqaz” qəzetində dərc olunmuş daha bir məqaləni təqdim edir.
Məqalə qəzetin 11 yanvar 1876-cı il tarixli 5-ci sayının ilk səhifəsində dərc olunub və oxucuları “Əkinçi”nin forma və məzmunu ilə tanış edir.
İlk abzasda deyilir:
“Ötən 1875-ci ilin ikinci yarısından bizdə, Qafqazda, Bakı şəhərində nəşr olunan və “Əkinçi” adını daşıyan tatar dilində yeni qəzet yaranıb. Bu qəzetin xüsusilə, ya Qurandan başqa heç nə oxumayan və ya Leyli və Məcnun (bir növ Romeo və Cülyetta) şeirləri, mollaların və yaxud Xoca Nəsrəddinin məzəli sözləri və zərbi-məsəlləri ilə kifayətlənən müsəlman əhalisi üçün faydası göz önündədir. Oxucuları bu qəzetin forma və məzmunu ilə tanış etməyin onlar üçün maraq kəsb edəcəyini hesab edirik”.
“Əkinçi”nin ayda iki dəfə (ayın 1-i və 15-i) nəşr edildiyi vurğulanan məqalədə qəzetin vərəqləri, bölmələri ətraflı təsvir edilib, 8-ci sayında dərc olunmuş bəzi məqalələrin məzmunu verilib.
Məqalədə qəzetin dilinə də toxunulub və qeyd olunub ki, təəssüflər olsun ki, dil yalnız Zaqafqaziya müsəlmanları üçün aydındır, Qafqaz müsəlmanları onu anlaya bilməyəcək: “Zaqafqaziya müsəlmanları üçün də xalqın danışıq dilində yazmaq yaxşı olardı, yoxsa savadsıza xüsusən də ərəb və fars dillərində olan sözləri izah etmək lazım gələcək.
Sonda qəzetin redaktor və təsisçisi Həsən bəy Zərdabinin qəzet işi alqışlanır, onun nəşr işində yeganə işçi olmasına baxmayaraq, bu işi sevə-sevə gördüyü bildirilib:
“Bizim Qafqazda ilk müsəlman qəzetinin redaktor və təsisçisinə şərəf və eşq olsun. Göründüyü kimi, o, qəzet işi ilə sevə-sevə məşğul olur, baxmayaraq ki, qəzetin nəşri üzrə tək və yeganə işçidir, özü redaktor, özü korrektor, özü mürəttibdir (düzücü)”.
Qeyd edək ki, bu məqalənin də müəllifinin Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun olduğu ehtimal edilir.
Həmçinin oxu:
“Əkinçi”nin ilk sayını alan “Qafqaz”: Qəzetin nəşrini son dərəcə çətin iş adlandırmaq olar
Tiflis qəzeti “Əkinçi”nin nəşrindən 5 ay öncə: Müsəlman Şərqi irəliyə böyük addım atır!
“Qafqaz”da “Əkinçi” haqqında elanlardan: Əhali xəbərdən heyrətlənib, Tehran qaşqabağını tökür