“Şərqi-Rus”un izi ilə – Tbilisidə qəzetə aid iki ünvan

Milli mətbuatımızın ən önəmli səhifələrindən biri “Şərqi-Rus” qəzetidir. Məlum olduğu kimi, mətbuat orqanı Tiflisdə, 1903-cü ildən 1905-ci ilədək işıq üzü görüb. 1903-cü ilin martın 30-dan həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri, 1904-cü ilin iyunun 8-dən isə hər gün buraxılırdı.

Aziz.ge XX əsrdə Tiflisdə çap olunan ilk Azərbaycandilli qəzetin Gürcüstan paytaxtında yerləşmiş redaksiyalarının ünvanları ilə bağlı araşdırma aparıb.

Məhəmməd ağa Şahtaxtlı

“Şərqi-Rus” haqqında mənbələrdə bildirilir ki, qəzetin təsisçisi və redaktoru Məhəmməd ağa Şahtaxtlı (1846-1931) Naxçıvanda atasından qalmış əmlakını 18 min manata sataraq Tiflisdə müasir avadanlıqlı bir mətbəə təşkil edib. Bundan əvvəl qəzetin mətbəəsi Çitaxov karvansarasında kirayə edilmiş bir neçə otaqda yerləşib. Həmin karvansara vaxtilə hazırkı Metexi körpüsü yaxınlığında olub. Sonradan təşkil olunan mətbəənin isə keçmiş Baryatinski küçəsində yerləşdiyi qeyd olunub.

Keçmiş Metexi körpüsü və Çitaxov karvansarası

1905-cü il üzrə “Qafqaz təqvimi”ndə Tiflisdə nəşr olunan gündəlik və həftəlik qəzetlərin redaksiyalarının ünvanları bölməsində “Şərqi-Rus”un da adına rast gəlinir. Qəzetin redaksiya ünvanı aşağıdakı kimi göstərilib:

 “Шярки-Русъ”. Барятинская ул., д. № 8. “Şərqi-Rus”. Baryatinski küçəsi, ev №8

Baryatinski küçəsinin tarixçəsinə nəzər salaq. “Baryatinski” küçənin ilk adı olub və rus generalı Aleksandr Baryatinskinin (1815-1879) şərəfinə adlandırılıb. O, 1856-cı ildən 1862-ci ilədək Qafqaz canişini olub. Bu küçədə 8 saylı ünvanda hərbi xadimin sarayı yerləşib. Daha sonra bu bina digər hərbi xadim Nikolay Şatilova (1849-1919) məxsus olub. O, 1917-ci ildə istefaya çıxandan sonra Tiflisə köçüb və evi məhz Baryatinski küçəsi №8 ünvanında yerləşib.

Baryatinski küçəsi, A.Baryatinskinin sarayı

Bu küçə hazırda Gia Çanturiya adlanır və 8 saylı bina günümüzə qədər gəlib çatıb. XIX əsrin 50-ci illərində inşa edilmiş həmin binada 1938-ci ildən bu günədək Giorgi Leonidze adına Gürcüstan Ədəbiyyatı Dövlət Muzeyi fəaliyyət göstərir. Tikiliyə 2007-ci ildə mədəni irs abidəsi statusu verilib. Küçədə nömrələmə dəyişməyibsə, “Şərqi-Rus” qəzetinin mətbəəsinin məhz bu binada yerləşdiyini söyləmək olar.

Yuxarıda qeyd olunan “Qafqaz təqvimi”nə əsasən, Baryatinski küçəsi №8 ünvanında digər qəzetin – “Novoe obozrenie” qəzetinin də redaksiyası yerləşib.

Lakin burada bir məqam mütləq qeyd olunmalıdır. Tiflisdə “Şərqi-Rus”un adı ilə bağlı daha bir ünvan olsa da, qəzet haqqında kitablarda, araşdırmalarda bu ünvana rast gəlinmir. Bu ünvan qəzetin ilk səhifəsində göstərilib. Nəşrin açıq mənbələrdə olan 1903-cü ilin iyul və avqust aylarına aid saylarında qəzetin adının altında redaksiya və kontorun ünvanı rusca belə göstərilib:

Редакция и контора: Тифлись,Орбелиановская улица дом №12

Redaksiya və kontor: Tiflis, Orbeliani küçəsi ev №12

Bu ünvanda yerləşən bina bu gün də mövcuddur. Bərpaya ehtiyacı olan tikili fərdi yaşayış evidir, hazırda burada hostel fəaliyyət göstərir.

Gürcüstanın Mədəni İrsin Mühafizəsi Milli Agentliyinin bina haqqında arayışından məlum olur ki, XIX əsrin sonunda inşa edilmiş bina 2006-cı ildən yerli əhəmiyyətli mədəni irs abidəsidir. Qeyd edək ki, arayış “Aziz.ge”nin müraciəti əsasında Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin Agentliyə ünvanladığı məktuba cavab olaraq əldə edilib.

Beləliklə, “Şərqi-Rus” qəzetinin Tiflisdə vaxtilə mövcud olmuş redaksiyaları ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğu göz qabağındadır. Şövqi Novruzovun müəllifi olduğu ““Şərqi-Rus”un çağırışı” adlı kitabdan (Bakı-1988) məlum olur ki, M.Şahtaxtlı Tiflisdə qəzet çıxarmaqla yanaşı, nəşriyyat işi ilə də məşğul olurdu. Onun, dövrünə görə avadanlıqla yaxşı təchiz olunmuş mətbəəsi fransız, ərəb, fars, rus və Azərbaycan dillərində sifarişlər qəbul edirdi.

Ehtimal etmək olar ki, “Şərqi-Rus”un redaksiyası və nəşriyyat ayrı-ayrı ünvanlarda yerləşib və yaxud nəşr olunduğu dövrdə bir neçə ünvan dəyişib. “Şərqi-Rus”un 1905-ci ilin yanvarında nəşri qadağan ediləndən sonra mətbəəsinin daha sonra “Molla Nəsrəddin” jurnalının nəşrinə xidmət etdiyi və “Qeyrət” mətbəəsi adı ilə mətbuat tariximizə düşdüyü də məlumdur. “Qeyrət”in Tiflisdə necə yaranması və ilk ünvanlarının harada yerləşməsi barədə növbəti araşdırma yazıda ətraflı məlumat təqdim olunacaq.