Azərbaycanlısan, bilirəm, gözəl – Aşıq Yetim Gürcünün şeiri

Yetim Gürcü (1875-1940) Azərbaycan dilində də şeirlər yazmış şair və aşıq olub. Soyadı Dabqxişvili olan şair 1905-1907-ci illərdə Bakıda neft mədənlərində işləyib.

Yetim Gürcü Tiflisdə köçəri həyat sürüb, şəhər sakinləri arasında tanınan aşıq olub, el şənlikləri və toylarda iştirak edib. Tiflisli aşığın gürcü, Azərbaycan və erməni dilində şeirləri əsasən dildən-dilə yayılıb.

Yetim Gürcü

Tbilisidə şairin adına küçə var, 1985-ci ildə şəhərin mərkəzində abidəsi ucaldılıb.

Şairin gürcü dilində yazdığı şeirlərdən biri azərbaycanlı gözələ həsr olunub. “Gözəl” adlı poeziya nümunəsini dilimizə Əflatun Saraçlı tərcümə edib. Həmin şeiri təqdim edirik.

De, necə sevməyim səntək xanımı,

Baxışın uzaqdan alır canımı;

Gəl aç öz əlinlə xanımanımı,

Yaşaya bilmərəm səndən aralı.

***

Zülfünü görəndə çaşır xəyalım,

Atım öz dinimi, gəl səni alım,

Dərdindən odlanıb yandım, a zalım,

Qoyma mən yazığı bəxti qaralı.

***

Bir gün mehman oldun sən kəndimizə,

Bir dəfə durmadıq barı üz-üzə;

Nə tez qayıdırsan, rəhm eylə, bizə,

Sən də həmişəlik gəl ol buralı.

***

Sormusan bu aşıq-divanə kimdir?

İstəsən el-oba danışsın bir-bir;

Mənim bədbəxtliyim yetimliyimdir,

Onunçun bülbülü əldən sar alı.

***

Azərbaycanlısan, bilirəm, gözəl,

Eşqinlə ağlayıb gülürəm gözəl,

Mən Yetim Gürcüyəm, ölürəm, gözəl,

Qoyma aşiqini yaslı-yaralı.