Şuşa Realnı Məktəbində gürcü hərbi xadimin adına təqaüd – Qanzieli kim olub?

Azərbaycanda ilk orta təhsil verən müəssisələrdən biri Şuşa Realnı Məktəbi olub. 1881-ci il sentyabrın 20-də əsası qoyulmuş altısinifli məktəb təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın da seçilən təhsil ocaqlarından biri olub.

Şuşa Realnı Məktəbi

Məlum olduğu kimi, 1992-ci ilin mayında Şuşanın Ermənistan tərəfindən işğalından sonra şəhərin bir çox tarixi məkanları ilə yanaşı bu məktəb də yandırılaraq xarabazara çevrilib. Şuşada aparılan bərpa-quruculuq işləri çərçivəsində təhsil müəssisəsi də təmir-bərpa olunur. Təhsil ocağının 2026-cı ildən fəaliyyət göstərəcəyi planlaşdırılır.    

Məktəb bərpadan sonra belə olacaq

Şuşa Realnı Məktəbinin fəaliyyət göstərdiyi dövrdə burada yaxşı təhsil alanlar üçün müəyyən təqaüdlər verilirdi. Vaxtilə Tiflisdə nəşr olunan “Qafqaz” qəzetinin (1846-1918) 11 fevral 1885-ci il tarixli 38-ci sayından məlum olur ki, təhsil müəssisəsində gürcü hərbi xadim, podpolkovnik Q.S.Qanzielinin adına da təqaüd təsis olunub.

Nəşrin “Qafqaz həyatı” bölməsində Şuşadan verilən xəbərdə yazılıb ki, təqaüdün əsasnaməsi xalq maarifi naziri tərəfindən təsdiqlənib.

“Təqaüd kapitalı cəmi 400 rubl təşkil edir. Təqaüdün məbləği – 20 rubl. Bu məbləğ pedaqoji şura trəfindən seçiləcək təqaüdçünün təhsil hüququ üçün hər il məktəbə ödənilməlidir”, – məlumatda deyilir.

Maraqlıdır, Q.S.Qanzieli kim olub?

Gürcü hərbi xadim haqqında açıq mənbələrdə və “Qafqaz” qəzetinin 1885-1898-ci illəri əhatə edən saylarında bəzi məlumatlara rast gəlinir. Məlum olur ki, Giorgi Spiridonoviç Qanzieli (1834-1906) praporşik rütbəsində 1863-cü ildə baş vermiş Zaqatala üsyanının məğlub edilməsində iştirak edib.

Qanzieli Şuşa qəzasının rəisi olub və bu vəzifədə çalışarkən səlahiyyətdən sui-istifadədə ittiham olunaraq mühakimə edilib. Rusiya imperiyasının ali məhkəməsi olmuş Senat Tiflis Məhkəmə Palatasının Qanzieliyə töhmət verilməsi barədə qərarını ləğv edib və qəza rəisi bəraət alıb. O, 1884-ci ildə Şuşa qəzasının rəisi vəzifəsindən çıxarılıb, 1887-ci ildə Bakı quberniyasının Cavad qəzasının rəisi təyin olunub.

Böyük ehtimal ki, Qanzieli Şuşa və Cavad qəzalarının rəisi vəzifələrinə təyinata Zaqatala üsyanının yatırılmasındakı xidmətlərinə görə layiq görülüb.

Gürcü məbələrində Qanzieli (gürcücə Qandzieli) haqqında məlumat bundan ibarətdir ki, o, general-mayor, Qafqaz və Rusiya-Türkiyə müharibələrinin iştirakçısı, Yelizavetpol quberniyasında (Gəncə) hakim və at alayının komandiri olub.

Gürcüstan arxivlərində Qanzielinin yalnız bir portretinin surətinə rast gəlinir.

Giorgi Spiridonoviç Qanzieli

Həmçinin oxu: