Düma Tiflisdə – Axundovla görüş və xanəndə Səttarın ifa etdiyi məclis

Bu gün məşhur fransız yazıçısı, dramaturq, jurnalist və səyyah Aleksandr Dümanın (1802-1870) anadan olmasından 222 il ötür. Ata Dümanın ədəbi irsi 300-ə yaxın əsərdən ibarətdir. Yazıçıya məşhurluq gətirən əsərləri “Üç müşketyor”, “Qraf Monte-Kristo” romanları olub.

Aleksandr Düma

Dümanın Qafqaza səfərindən yaranan təəssüratları məşhur “Qafqaz səfəri” kitabında təsvir edilib. Fransız yazıçısı Qafqazda 1858-1859-cu illərdə 3 ay müddətində olub. Yazıçının maraqlı hekayəsi olan “Qafqaz səfəri”ni “tarixin sənədi” adlandırırlar. Belə ki, kitabda XIX əsrin 50-ci illərinin sonunun Qafqazı təsvir olunub.

A.Düma səyahətinə Peterburqdan başlayıb Moskva, Qazan, Saratov və Həştərxandan keçməklə Qafqaza gəlib, burada bir sıra Azərbaycan şəhərlərində olub. O, Nuxadan (Şəki) Tiflisə gələrək buradan da Potiyə yola düşüb.

Fransız yazıçısının Tiflisdə olarkən bu şəhərdə yaşayıb yaradan azərbaycanlı dramaturq Mirzə Fətəli Axundovla görüşməsi haqqında bəzi məlumatlar var. “Qafqaz səfəri”ndə bu barədə söz açılmasa da, bununla bağlı Feyzulla Qasımzadənin müəllifi olduğu “Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı” adlı kitabında (Bakı-1962) bir abzasa rast gəlinir:

“M. F. Axundovun Aleksandr Düma ilə Tiflisdə göruşməsi haqqında Mahmənzər Qacarın M. F. Axundovun həyatından bir neçə xatirə adlı qeyri “mətbu” məqaləsində aşağıdakı sətirləri oxuyuruq: “Mirzə Fətəlinin oğlu öz atasının Tiflisə yolu düşən məşhur fransız romannəvisi Aleksandr Düma ilə olan görüşünü xatırlayırdı. Mirzə Fətəlinin adı artıq öz kiçik vətəninin hüdudlarından kənarda da məşhur idi. Düma onunla tanış olmağı arzu edərək onun görüşünə gəlmişdi. İki qələm yoldaşları ilk görüşdə qucaqlaşıb öpüşmüşlər”.

Mirzə Fətəli Axundov

Düma və Axundovun Tiflisdə görüşü mövzusunda rəsm əsəri çəkilib.

Müəllifi Əfəndi Mahir olan əsəri Tbilisidəki “Müsyo Jordan” kafesində (Café Monsieur Jordan) görmək mümkündür. Tabloda M.F.Axundov Tbilisidəki evinin qarşısında faytonda gələn A.Dümanı salamlayır.

Fransız yazıçısı Tiflisdə olarkən “Tsiskari” (Şəfəq) jurnalının redaksiyasında da olub. O, bu barədə “Qafqaz səfəri” kitabında yazır:

“Mənim şərəfimə iki-üç nəfər məşhur şərab həvəskarlarını da dəvət etmişdilər və onların arasında knyaz Nikolay Çavçavadze və Jozef Penerepski adlı bir polyak da vardı. Məclisdə bir şair və bir musiqiçi də vardı. Şairin adı Yevanqul Yevanqulov idi…

Musiqiçi ilə şair süfrənin aşağı tərəfində yerlərini tutdular və məclis başlandı…

Musiqi sədalarının və yeyib-içən şairin bədahətən söylədiyi şeirin ahəngi altında görən mən neçə butulka çaxır boşaltmışdım? Bunu dəqiq deyə bilmərəm, ancaq, deyəsən, saymaqla bitməzdi…”

Gürcüstan Milli Parlament Kitabxanasının arxivində Dümanın şərəfinə “Tsiskari”nin redaksiyasında təşkil olunan məclisin təsvir olunduğu rəsm var. Rəsmdə məclisdə iştirak edən musiqiçilər də yer alıb. Biri əlində tarla, digəri isə qavalla təsvir olunub.

Qeyd edək ki, Yevanqul XIX əsrin ortalarında Tiflisdə yaşamış erməni xanəndə olub. Onun əslən Şuşadan olduğuna dair məlumatlar var.

Dümanın rus və Azərbaycan dillərinə tərcümə olunmuş  “Qafqaz səfəri” kitabında Tiflisdəki məclisdə iştirak edən musiqiçinin adı göstərilməyib. Lakin həmin musiqiçinin vaxtilə Tiflisin məşhur xanəndələrindən biri – Səttarın olmasına dair məlumat var.

Bu məlumat 1937-ci ildə nəşr olunmuş “Ədəbi Gürcüstan” jurnalının 22-ci sayında yer alıb. “Aleksandr Düma “Tsiskari” jurnalının redaksiyasında” sərlövhəli məqalədən Dümanın dilindən oxuyuruq:

“Məni süfrənin başında fəxri yerdə əyləşdirdilər. Yanımda evin sahibi İvane Kereselidze əyləşdi. Musiqiçi Səttar və şair Yevanqul stolun aşağı hissəsində əyləşdilər və şam yeməyi başladı”.

Məqalənin bu hissəsi Tiflisdə nəşr olunmuş “Qafqaz” qəzetinin 1861-ci ildə işıq üzü görən sayına istinadla verilib.

Qeyd olunan rəsmdə əlində tar olan musiqiçinin siması və görkəmi də onun xanəndə Səttarın olduğunu deməyə əsas verir. Səttarın şəkillərdəki görünüşü ilə bu rəsmdəki tarda ifa edən musiqiçinin görkəmini müqayisə etsək, bənzərlik göz önündədir.  

Xanəndə Səttar

Gürcüstanın Milli Parlament Kitabxanasının arxivində xanəndə Səttarın Yevanqulla birgə fotoşəkli də saxlanılır. Şəkildə Səttar mərkəzdə, Yevanqul isə əlində kamança ilə təsvir olunub. Bu, həm də sübut edir ki, hər iki xanəndə birgə çıxışlar edib və Dümanın şərəfinə “Tsiskari”nin redaksiyasında verilən ziyafətdə onlar bir yerdə iştirak edib.