Tiflisdə anadan olmuş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin (1881-1959) qələmə aldığı hekayələrin bir qismində hadisələr doğma şəhərində cərəyan edir. Ədibin “Kədər içində sevinc”, “Məktub yetişmədi”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “Təzə qonşularımız”, “Daşqın”, “Məhərrəmlik büsatı” və digər hekayələrində uşaq ikən Tiflisdə qarşılaşdığı hadisələrdən bəhs olunur.
A.Şaiqin “Göbələk” adlı hekayəsindən məlum olur ki, ədibin Tiflisdə ən çox sevdiyi məkanlardan biri “Gəncə bağı” olub. O, bu məkanda keçirdiyi xoş vaxtlarını hekayənin ilk abzasında bu sözlərlə təsvir edib:
“Tiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə çığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim”.
Qeyd edək ki, “Gəncə bağı” Tbilisinin hazırkı Nəbatat bağının keçmiş adlarından biridir. Tiflisin Gəncə qapısı (gürcücə Qanciskari) adlandırılan darvaza indiki Botanika bağının girişində yerləşib. Bu bağ əvvəllər Qala bağı və Xəzinə bağı da adlandırılıb,1845-ci ildən isə Nəbatat bağıdır. Burada 1947-ci ilədək müsəlman qəbirstanlığı da möcvud olub.
___________________________________
İstifadə olunmuş mənbələr:
- Abdulla Şaiq “Seçilmiş əsərləri”. Bakı-1957
- Mirzə Məmmədoğlu “Qədim Tiflis”. Bakı-2009
Həmçinin oxu: