Azərbaycanlı virtuoz skripkaçı Gürcüstanda beynəlxalq festivalda iştirak edəcək

Azərbaycanın Əməkdar artisti, virtuoz skripkaçı, bir sıra mötəbər müsabiqələrin qalibi və mükafatçısı olmuş Elvin Hoca Qəniyev Gürcüstanda keçiriləcək “Gecə serenadaları” Beynəlxalq Klassik Musiqi Festivalında iştirak edəcək.

Aziz.ge xəbər verir ki, bu barədə tədbir təşkilatçılarının məlumatında bildirilib.

Artıq 16-cı dəfədir keçirilən builki festivalın açılış mərasimi avqustun 21-də Borjomidə açıq havada keçiriləcək. Festivala Borjomi ilə yanaşı Batumi və Tbilisi şəhərləri də ev sahibliyi edəcək. Beynəlxalq tədbirə sentyabrın 20-də Tbilisidə konsertlə yekun vurulacaq.

Azərbaycanlı gənc musiqiçi avqustun 25-də İlya Çavçavadze adına Batumi Dövlət Dram Teatrının səhnəsində çıxış edəcək. O, səhnəni festivalın “Gürcüstanın virtuozları” orkestri və skripkaçı Lela Mçedlidze ilə bölüşəcək. Konsertdə Antonio Vivaldi və Astor Piazzollanın əsərləri ifa olunacaq.

Konsertə biletləri www.tkt.ge saytından əldə etmək mümkündür.

E.H.Qəniyev Gürcüstana ünvanladığı müraciətində mötəbər tədbirdə iştirakından məmnunluğunu ifadə edib. O, gözəl axşamda çıxışını səbirsizliklə və həyəcanla gözlədiyini, tamaşaçıların konserti bəyənəcəklərinə ümidvar olduğunu söyləyib.

Qeyd edək ki, “Gecə serenadaları” Beynəlxalq Klassik Musiqi Festivalına onun təsisçisi, bu ilin iyulunda vəfat etmiş Gürcüstanın Xalq artisti, skripkaçı və dirijor Liana İsakadzenin adı verilib. “Gecə serenadaları” Gürcüstanda ən uzun tarixi olan beynəlxalq tədbirdir. Festivalın 42 illik tarixi var.