Gürcü şairi Nikoloz Barataşvili (1817-1845) ömrünün son aylarını dövlət xidməti ilə əlaqədar olaraq Gəncə şəhərində keçirib. Məlum olduğu kimi, o, 1845-ci ilin oktyabrın 21-də 28 yaşında malyariyadan vəfat edib.
Gəncədə xristian kilsəsinin həyətində dəfn olunan N.Barataşvilinin nəşi 48 ildən sonra – 1893-cü ildə görkəmli gürcü ədib, ictimai xadim İlya Çavçavadzenin təşkilatçılığı ilə Tbilisiyə gətirilib və Didube panteonunda torpağa tapşırılıb. 45 ildən sonra şair Gürcüstanın görkəmli ictimai xadimlərinin Tbilisidəki Mtatsminda panteonunda təkrar dəfn olunub.
Şairin xatirəsi yaşayıb çalışdığı Gəncədə əbədiləşdirilib. Ötən ilin dekabrında N.Barataşvilinin 205 illik yubileyi münasibətilə Gəncədə vaxtilə onun çalışdığı Cavadxan dəfətərxana muzeyinin binasının fasadına xatirə lövhəsi vurulub.
Gəncə şəhərində lirik şairin yaşadığı evin günümüzə qədər gəlib çatması barədə məlumatlar olmasa da, Gürcüstan arxivlərində həmin evin fotoşəklinə rast gəlinir. Kutaisi şəhərinin İlya Çavçavadze adına Dövlət Kitabxanasına aid fotoşəklin altında gürcücə və rusca yazılıb: “Gəncə. N.Barataşvilinin yaşadığı ev”.
Gürcü mənbələrində həmin ev barədə müəyyən məlumatlar da yer alıb. Evin təsvirində şairin yaşayış yerinin çox cansıxıcı olduğu bildirilir:
“Məkan daha çox ev kimi düzəldilmiş hamama bənzəyirdi. Evin kərpicli yuvarlaq damı, kərpicdən divarları və dəliklərə bənzəyən kiçik pəncərələri var idi. Bura Nikoloz Barataşvilinin son nəfəsini verdiyi kədərli və tənha məkan idi”.