Gürcü şairi Simon Çikovaninin (1902-1966) yaradıcılığında Azərbaycana həsr etdiyi şeirlər xüsusi yer tutur. Onun “Qız qalası” adlı şeirində Bakının əsas rəmzlərindən biri olan tarixi abidənin gözəl təsviri verilib. Şair qalanı “Azərbaycan torpağı kimi mərd” adlandırıb. Şeiri dilimizə Əflatun Saraçlı tərcümə edib. Həmin şeiri təqdim edirik.
Qeyd edək ki, S.Çikovani həmçinin Nikoloz Barataşvili haqqında “Gəncə gündəliyi” adlı lirik-epik poemanın müəllifidir.
Qədim Qız qalası, çatıb qaşını
Danışma kədərli xatirələri.
Dəniz ayağını, bulud başını
Yusun, unut keçmiş faciələri.
***
Göy Xəzər sevinclə gurlayır yenə
Dalğalar eşqinlə gəlir sahilə,
Dumandan bir köynək geyib əyninə,
Kimi gözləyirsən səhərdən belə?..
***
Hüsnünə baxıram könlümdə fərəh,
Deyirəm qəlbini oxuyum üzdən,
Sabah gürçülərə vəcdə gələrək
Danışım mehriban görüşümüzdən.
Çünki sən ümmansan, dəniz tacındır
Ömrün qovğalıdır dalğalar kimi,
Tamara qalası ekiz bacındır
Yaşayın siz qoşa, arzular kimi.
***
Nə vaxtdan yanağın saralıb solub?!
De hansı cəlladın qurbanı olub?!
Bəlkə Teymurləngin qanlı xəncəri
Qönçə döşlərini yaralayıbdır?
Yoxsa yarandığın o gündən bəri
Hər gələn köksünü paralayıbdır?!
Görürəm ləpirli sal daşlarını,
Köksündə nə qədər qılınc izi var.
Görürəm süzülən göz yaşlarını,
Hər damla bir gündən qalıb yadigar.
***
O zaman sızlayıb qəlbimin simi
Tüstüdə boğulub, odda yanıbsan.
Amma Azərbaycan torpağı kimi
Xəzər sahilində mərd dayanıbsan.
***
Gördün xaqanların çox savaşını,
Dayandın yenə su sonası kimi.
Sildin gözlərindən kədər yaşını
Yurdumun Tamara qalası kimi.
Ekiz bacı təkin verin əl-ələ,
Arada sədaqət, etibar olsun.
Qoşa çavanlaşın bu gündən belə
Səadət həmişə sizə yar olsun.